13:25
(077) 610-22-33

Problemlərin həlli mümkündür – Azərbaycan MHŞT təşəbbüsündə qalmaqda maraqlıdır

  • >
941 10 Oktyabr 2015 18:32 | Siyasət

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sədri xanım Kler Şort Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvləri ilə görüşüb.


AzNews.az xəbər verir ki, görüşdə Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev Koalisiyanın fəaliyyəti ilə bağlı xanım Kler Şorta qısa məlumat verib. Azərbaycana ilk dəfə 90-cı illərdə gəldiyini bildirən xanım Kler Şort ötən müddətdə xeyli inkişafın olduğunu vurğuladı: "Bu inkişafın gələcəkdə də davam etməsi arzuolunandır. Koalisiya şurasının üzvləri ilə görüşdən öncə biz ölkə başçısı İlham Əliyevlə görüşdük. Bu görüşdə ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir. Həmçinin, prezident Azərbaycanın bu təşəbbüsdə qalmaqda maraqlı olduğunu bildirdi.

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə məsələdə isə ölkə başçısı MHŞT fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını vurğuladı. Həmçinin, mövcud problemlərin həlli ilə bağlı konkret təkliflər verilməsini və bunun həlli üçün imkanların olduğunu qeyd etdi. Məndə bu görüşdən proseslərin pozitiv istiqamətdə davam edəcəyi ilə bağlı təəssürat yarandı. Ümid edirəm ki, Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı məsələni müzakirə edəcəyi 2016-cı ilin aprelinədək bu pozitiv dəyişikliklərin reallıqda da əksini tapmasının şahidi olacayıq".

Daha sonra xanım Kler Şort Koalisiya Şurasının üzvlərinin MHŞT prosesi ilə bağlı onları narahat edən və həllini istədikləri problemlər barədə fikirlərini öyrənmək istədiyini bildirdi.

Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev Koalisiyanın üzləşdiyi problemləri ilə bağlı məlumat verdi. O, Koalisiyanın üzvü olan 6 təşkilatın bank hesabına həbs qoyulduğunu və artıq onlardan 3-nün hesabından həbsin götürüldüyünü vurğuladı: "Digər 3 təşkilatın bank hesablarından həbslərinin götürülməsi istiqamətində də danışıqlar aparılır. İkinci bir problem bəzi üzvlərimizin ölkədən çıxarkən və ölkəyə gələrkən əsasız yoxlamalara məruz qalması ilə bağlı idi. Atıq bununla da bağlı müəyyən müsbət addımlar var və həmin şəxslərdən bəziləri artıq yoxlamalara məruz qalmır. Üçüncü problemimiz isə əsasən qanunvericiliyə edilən dəyişiklikdən sonra xaricdən maliyyə almaq imkanlarımızın məhdudlaşdırılması ilə bağlıdır. Lakin bu il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Koalisiyaya 17000 manat maliyyə ayrılıb. Həmin layihə çərçivəsində artıq regionlarda da bir neçə tədbir keçirilib".

Daha sonra Şura üzvləri xanım Kler Şotu maraqlandıran sualları cavablandırdı.
Görüş bitdikdən sonra Koalisiya Şurasının növbəti toplantısı keçirildi. Koalisiya Şurasının koordinatoru Şura üzvlərinə 29-30 sentyabr tarixlərində Siyəzən və Salyan rayonlarında "Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək" layihəsi çərçivəsində "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) məqsədləri, tətbiqi, nəticələrin istifadəsi" mövzusunda keçirilmiş ictimai müzakirə barədə məlumat verdi. Ə.Nuriyev layihənin məqsədləri, Koalisiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi.

O, bildirdi ki, Siyəzən və Salyan rayonlarında bu tədbilərin keçirilməsi təsadüfi deyil: "Bu rayonlar ona görə seçilib ki, burada neft hasil olunur və yerli sakinlər, dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri üçün MHŞT barədə ətraflı bilgilər əldə etmək xüsusilə vacibdir. Tədbirlərdə layihənin eksperti, Koalisiya Şurasının üzvü Mehriban Vəzir "MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi" mövzusunda təqdimatla çıxış edib. Bundan başqa layihə çərçivəsində "İqtisadi Forum" adlı internet TV-də 3 verlişin çəkilişinə başlanılıb. 20 oktyabr tarixində MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi mövzularını əhatə edən seminarın keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna məktubla müraciət edilib".

Daha sonra iclasda Şura üzvü Mehriban Vəzir Koalisiyaya üzvlük üçün meyarların hazırlanması məsələsini də gündəmə gətirdi. Şura üzvləri bu məsələni gələn iclasın gündəlik layihəsinə salıb ətraflı müzakirə olunmasını qərarlaşdırdılar.
Daha sonra iclasda Şura üzvü Razi Nurullayevin səlahiyyətlərinə xitam verilməsi və bundan sonra Şura üzvü kimi Zaur Əkbərin fəaliyyət göstərməsi məsələsi səsverməyə çıxarıldı. Zaur Əkbərin Şura üzvü kimi fəaliyyətə başlaması ilə bağlı qərar yekdilliklə qəbul olundu.
Bağla X