02:01
(077) 610-22-33

KTMT və ATƏT-in Minsk qrupu əməkdaşlıq edəcək - Qarabağın həlli üçün

  • >
850 12 Oktyabr 2015 20:51 | Siyasət

Qərblə Rusiya Azərbaycan-Ermənistan münaqişəsini birlikdə həll edəcək.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq edəcək.

ATƏT-in baş katibi Lamberto Zanyer KTMT-nin Moskvadakı toplantısında təşkilatın baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ problemini müzakirə edib. "Biz regionda və Azərbaycan-Ermənistan sərhədində zorakılığın artmasına görə narahatıq. Bu məsələdə siyasi rəhbərliklə birgə işləmək vacibdir", - deyə Zanyer bildirib.

O, payızda daha bir görüşün keçirilə biləcəyini deyib, Azərbaycanla Ermənistan başçılarının görüşəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın hər iki təşkilatla əməkdaşlığı çox aşağı səviyyədədir. Belə ki, ölkəmiz ATƏT-lə əməkdaşlığı bu il yayda rəsmən dayandırıb. İyul ayından etibarən təşkilatın yerləşdiyi binanın qarşısından bayrağı da yığışdırılıb.

Tarixə nəzər saldıqda təşkilatın özünün Dağlıq Qarabağ münaqişəsinə tam ciddiyyəti ilə yanaşmadığı görünür. Belə ki, 2014-cü ildə qurumun Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna endirildi. Daha sonra isə Azərbaycan əsilli ilk əlaqələndirici Aleksis Şahtaxtinskinin mandatı ləğv edildi.

Prezident administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov buna öz tvitter səhifəsində münasibət bildirərək qeyd edib ki, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər." ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Aleksis Şaxtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şaxtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", - deyə Novruz Məmmədov əlavə edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gəldikdə isə, Azərbaycan bu təşkilata daxil deyil. Daha doğrusu, 1993-cü ildə ölkəmiz quruma qoşulsa da, 1999-cu ildə müqavilənin müddətini uzatmaqdan imtina edərək təşkilatı tərk etdi.


KTMT-yə üzv olan (qara zolaqlı) və təşkilatı tərk etmiş ölkələr (qırmızı zolaqlı)
Bağla X