Doğum şöbəsində daha bir ölüm faktı - VİDEO

Bakıdakı 3 saylı xəstəxananın doğum şöbəsində ölüm hadisəsi qeydə alınıb. Həkimlər ana Xuraman Məmmədovanı xilas edə bilsələr də, körpə dünyasını dəyişib. Amma ananın xilası da ona baha başa oturub. Belə ki, gənc xanım ana olmaq şansını birdəfəlik itirib. Xəstənin hadisədən hiddətlənən qohumları doğum şöbəsinin altını üstünə çeviriblər.

Gecə xəstəxanaya müayinə üçün müraciət edən hamilə Xuraman Məmmədovaya həkimlər bildiriblər ki, bətnindəki körpənin ürəyi zəif döyünür, təcili olaraq anada süni doğuş həyata keçirilərək uşaq götürülməlidir. Əks halda, vəziyyət daha da ağırlaşa bilər. Razılıq əldə olunduqdan sonra həkim Pərvanə Orucova süni doğuşa hazırlıq prosesini həyata keçirsə də, bu, mümkün olmur. Xəstənin yaxınları iddia edir ki, iş-işdən keçəndən sonra həkim bildirib ki, xəstə əməliyyat olunub. Əməliyyat isə gənc ana üçün ağır fəsadlarla nəticələnb. Belə ki, həm ananın bətnində olan uşaq tələf olub, həm də 28 yaşlı Xuraman Məmmədova yenidən ana olmaq imkanlarından məhrum olub.

İş saatı olmağına baxmayaraq, 3 saylı şəhər xəstəxanasının doğum şöbəsinin müdiri Pərvanə Orucovanı iş yerində tapa bilmədik. Şöbənin həkim personalı da onun haqda məlumatlı olmadığını bildirdi .Xəstənin yaxınları isə deyir ki, hadisə baş verəndən sonra həkim işə gəlmir. Aqressiv qohumlar xəstəxananın pəncərələrini sındırıblar. Həkimin iş otağının altını üstünə çeviriblər.

Doğum şöbəsində cavab ala bilmədiyimizdən, məsələni xəstəxananın rəhbərliyindən öyrənməyə çalışdıq. Baş həkim Xəlil Məmmədov müsahibə verməsə də, şifahi olaraq bildirdi ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır. Məhkəmə-tibb ekspertizanın rəyindən sonra həkimin günahı üzə çıxarsa, Pərvanə Orucova cəzalandırılacaq - həkim işindən kənarlaşdırılacaq. Amma bu da ana ola bilməyən Xuraman Məmmədovanın yarasına məlhəm olmayacaq. Çünki bu əməliyyatın nəticəsində gənc xanım bir daha ana ola bilməyəcək.//anspress//

AzNews.az