ANS-in efirində jurnalistlərə şərt qoyuldu- VİDEO

Müğənni Mətanət Əsədova ANS-in birbaşa efirində telekanalları hədələdi. Anspress-in məlumatına görə, "Adam içində"nin qonağı olan müğənni əsəblərinə hakim olmayaraq qalmaqal saldı. Bacısının 40-ı çıxmamış toya getməsindən yazılan xəbərlərdən hiddətlənən Əsədova, özünə haqq qazandıraraq jurnalistləri günahlandırdı:

"Mənim başıma müsibət gəlib. Bu nə söz-söhbətlərdi? Məni sayıb yasıma gəliblərlə, mən də onların xeyir işinə getməliyəm. Bunu şişirtməyə ehtiyac yoxdur. O xəbəri yayanı tanıyıram. Onu mənim evimə gəlib üzümə gelə-gülə şəklimi çəkib saytlara verdi. Mən həmin jurnalistlə necə lazımdırsa söhbət edəcəm. Mənə hörmət eləyəni başımın üstünə çıxararam, hörmət eləməyəni qarşıqa kimi əzərəm. Mən fil kimi qəzəbliyəm, dəvə kimi kinliyəm. "Vuraram, kəsərəm" deyənlərdən xoşum gəlmir. Adam deməz, eləyər."

Mətanət Əsədova "Adam içində"nin digər qonağı jurnalist Hacıbəy Heydərliyə üzünü tutaraq, "Məni tanıyırsan mənim bacımdan yazırsan? Tez cavab ver, dünən mənim və bacımın haqqımda nə danışmısan? Sən kimsən axı? Yazırsansa niyə özümə zəng vurub soruşmadın?"-deyə cavab verməsini tələb etdi.

Qəzəbi sənətçinin hərəkətlərindən özünü itirən Hacıbəy, "Mən şou-yazar deyiləm. Mən sadəcə bacınızın həbs olunması və ölümü ilə bağlı yayılmış xəbərləri istinadla vermişəm. Mən sizi tanımıram."- desə də Mətanət sakitləşmədi və Hacıbəydən əl çəkib verilişin ikinci aparıcısı Afət Rahilqızını ittiham etməyə başladı.

"Sən mənim düşmənimsən? Nə istəyirsən məndən?" və bu kimi əlaqəsiz cümlələr işlədərək ayağa qalxıb qışqıra-qışqıra milyonlarla tamaşaçıların qarşısında bacısından və ya onun özündən yazan və danışan bütün jurnalistləri hədələdi: "Mənim dünya boyda səsim var. Yazırsız, səsimdən yazın. Burdan bütün telekanallara üzümü tutub deyirəm, telekanal bir də mənim bacımın ölümündən şou düzəltsələr, o telekanalı dağıdacam."

Əsədova aramsız və əsəbi çıxışının ardınca, "Elgiz, mən rayona getməliyəm." - deyərək verilişi yarımçıq tərk etdi.

Qeyd edək ki, müğənni Mətanət Əsədova intihar etmiş bacısının 40-ı çıxmamış, yəni bacısının ölümündən bir neçə gün sonra həmkarı Elçin Hüseynovun qardaşı qızının toyunda toy mərasimində iştirak edərək mahnı oxuyub. Belə ki, ötən həftə telekanalların birində qonaq olarkən də musiqi parçası ifa etmişdi.,

Xatırladaq ki, Mətanət Əsədovanın bacısı 35 yaşlı Nurlanə Əsədova oktyabrın 9-dan 10-na keçən gecə Abşeron rayonunda cinayət törədərkən saxlanılmışdı. O, istintaq təcridxanasında özünü asmışdı.

Xatırladaq ki, Nurlanə Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka" vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb. Nurlanə Əsədovanın 11 yaşlı oğlu qalıb və onu Mətanət Əsədova saxlayır.



AzNews.az