“Bu dəfə Azərbaycanı atəşlə dayandırmaq olmayacaq” - Politoloq

3 May 2016 15:21 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, o illərdə Ermənistan ordusu Azərbaycanın kəndlərini və rayonlarını bombalayır, bu isə mülki əhali arasında itkilərin sayının artmasına gətirib çıxarırdı: "Digər tərəfdən Azərbaycan ordusu nizamlı deyildi, silahlı birləşmələr müxtəlif siyasi fiqurlara tabe idi. Və həmin siyasi fiqurlar arasındakı gərginləşən münasibətlər silahlı birləşmələrin döyüş əhval-ruhiyyəsinə mənfi təsir edirdi. Kənd və rayonların boşalması da savaşan insanların döyüş ruhuna mənfi təsir edirdi. İndi isə Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda 24 ildə nizami ordu qurulub, könüllü batalyonlar yoxdur, ordu yalnız müdafiə nazirinin əmrlərinə tabedir. Ordunun silah və sursatı da 1990-cı illərdəkindən qat-qat moderndir".

E.Şahinoğlu qeyd edir ki, əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl qalmır: "İkinci ən böyük faktor Ermənistan ordusunun bombardmanlarına baxmayaraq mülki əhalinin yaşayış yerini tərk etməməsidir. Yəni Ermənistan hakimiyyətinin və ordusunun 1990-cı illərdəki "mülki əhalini qorxu altında saxlamaq" strategiyası işləmir. Əksinə, Azərbaycanın rayon və kəndlərinin bombardman edilməsi Azərbaycan ordusunu işğalçı qüvvələrə qarşı yeni əks-hücuma həvəsləndirir. Həm də əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl də qalmır. Beynəlxalq aləmin, o cümlədən Rusiyanın Azərbaycan ordusunun hücuma keçməsinə mane olması siyasəti zəifləyir. Çünki, atəşkəsin Ermənistan tərəfdən pozulduğu aşkardır".

Politoloqun fikrinə görə, aprelin 6-da Azərbaycan hakimiyyəti Kremli eşitdi, amma növbəti savaşda Azərbaycan ordusunu atəşkəslə dayandırmaq çətin olacaq: "Bunu torpaqların boşaldılmasıyla bağlı ordudakı və cəmiyyətdəki yüksək əhval-ruhiyyə də sübut edir. Prezident İlham Əliyevin cəbhə bəlgəsinə səfəri və orada mülki əhali və hərbçilər qarşısında verdiyi açıqlamalar ondan xəbər verir ki, Azərbaycan ordusu bu dəfə də işğalçının təxribatlarına böyük əks-hücumla cavab vermək iqtidarındadır".

Bahar RÜSTƏMLİ
AzNews.az