Ölümsüzlük dahilərin nəsibidir

10 May 2016 11:03 (UTC+04:00)

Hər xalqın tarixində elə insanlar var ki, onların yalnız doğum tarixi olur, ölüm yox. Ölümsüzlük - xalqın, dövlətin taleyüklü məqamlarında öz əməli ilə silinməz iz buraxanların, yüksək fitri istedadla, cəngavər hünəri ilə şücaət göstərən millət, dövlət xilaskarlarının - yeni tarix yaradanların qismətidir. Çağdaş Azərbaycanımızın yetişdirdiyi belə bir şəxsiyyət Heydər Əlirza oğlu Əliyev idi.

Dövlətin iqtisadi dirçəlişinin, millətin mənənvi yüksəlişinin təməlini qoyan, bir kərə endirilən üçrəngli bayrağı bir daha enməyəcək qədər yüksəklərə ucaldan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir" deyən və bunun gəlişigözəl sözlər deyil, yeni dövlətçilik konsepsiyasının təməl anlayışı olduğunu yeni Azərbaycanın timsalında dünyaya nümayiş etdirən ümummilli lider Heydər Əliyev!

Ana torpağın hər qarışında onun fədakar əməyinin, xeyirxah əməllərinin nişanəsi var. Səsimizi, sözümüzü, dərdimizi ən yüksək xitabət kürsülərindən hər kəsə duyuran, millətlər içində imzamızı tanıdan, dövlətlər sırasında Azərbaycanı önə çıxaran, xalq olaraq üzümüzü ağ, başımızı uca edən böyük Öndərin qarşısında həmişə dərin minnətdarlıq hissi ilə baş əyirik. Sonsuz hörmət və rəğbət rəmzi kimi, çox yerdə ona heykəl qoyulub. Amma bu abidələrin ən əzəmətlisi hər bir vətənpərvər azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə daim fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər kəsə duyuran Heydər Əliyev deyərdi:

"Hər bir insan üçün onun milli mənsubiyyəti qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"




Azərbaycançılıq ideologiyasının yaranması, inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu işin əsas istiqamətlərindən biri xaricdə yaşayan soydaşlarımızla əlaqələrin güclənməsi, onların tarixi vətənlə mənəvi bağlarının möhkəmlənməsidir. O, ruhən və mənən mövcud olan müqəddəs birliyi coğrafi bütövlükdən üstün tutardı. Siyasi uzaqgörənliklə azərbaycanlıları vahid ideya - vətən sevgisi zəminində sıx birliyə çağırardı. Bu birlik get-gedə müstəqil Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurlarının rəhni oldu.

Azərbaycanda milli birlik, azadlıq, həmrəylik tam şəkildə bərqərar olsun deyə, Heydər Əliyev deyərdi:

"Milli azadlığa nail olmaq üçün milli oyanış,
milli dirçəliş, milli ruhun canlanması lazımdır!"


Bu böyük zəka sahibinin şərəfli ömür yolu xalqa sədaqətlə xidmət etməyin parlaq nümunəsidir. O, ən çətin məqamlarda millətinin, dövlətinin ali maraqlarını qorumağı bacardı. Ona görə Azərbaycanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil. Biz fəxr edirik ki, heç vaxt qocalmayan dünyamızda amansız ölümə qalib gəlib tarixdə özünə ölümsüzlük qazanan dühalar arasında ümummilli liderimiz Heydər Əliyev də var!

Onun böyük uğurlarının səbəbini müxtəlif cür izah etmək olar: fitri istedadı, zəhmətsevərliyi, keçdiyi şərəfli həyat məktəbi, zəngin təcrübə, ona ailə sevincinin xoşbəxtliyini bəxş edən Zərifə xanım kimi ömür-gün yoldaşının varlığı və s. Amma bütün bunlarla yanaşı, böyük siyasətçi olmağın bir sirri də vardır. O buna vaqif idi:

"Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz".

Çoxillik dövlətçilik təcrübəsindən bu qənaətə gəlmişdi ki, "hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz." Bu fikrə düşmən kəsilən siyasətçi tərəfdaşlarını itirər, hər keçən gün silahdaşlarından, həmfikirlərindən, bir qədər də uzaq düşər. Nəhayət, təklənər və siyasi rəqiblərinə məğlub olar. Fikir plüralizmindən, tolerantlıqdan adətən, kimlər qorxmaz?

-Hadisələrə müstəqil baxışı olan siyasətçilər;

-Haqlı olduğuna əmin olan, öz mövqeyini qoruyub saxlamağı bacaran insanlar;

-Müqəddəs sözü sözçülük çirkabına bulaşdırmayan şərəfli simalar;

-Sözə sözlə deyil, əməllə cavab verən insanlar;

-Hamının bir olmadığını qəbul etdiyi üçün, hamını bir boyda, bir düşüncədə, əqlin, şüurun eyni inkişaf mərhələsində olmadığını qəbul edən və bu kəsiri kəsici, küsdürücü silaha çevirməyənlər;

-Ətrafda hərə bir dildə danışsa da, fərqli dərd yükünü daşısa da, kimsənin qəlbini qırmadan hamını anlaya və idarə edə biləcək qüdrətə malik seçilmişlər;

-Xırda hisslərə əsir olmayan dövlət adamları;

-Fikir müxtəlifliyini normal qarşıladığı üçün fərqli düşünənlərin də bu millətin, vətənin övladı olduğunu dərk edənlər;

-Milli, dövlətçilik maraqları ətrafında hamını səfərbər etməyi bacaran iri müdrik siyasətçilər;

Heydər Əliyev belə şəxsiyyət idi. O, Allahdan başqa kimsədən qorxmazdı. Müxalifətlə görüşməkdən çəkinməzdi, müxtəlif fikir, düşüncə və mövqe sahiblərini təmkinlə dinləməkdən yorulmazdı. O deyərdi:

"Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına,
mənəviyyatına, məsləkinə müxalifətdə durmasın."


Heydər Əliyev zorakılığı xoşlamazdı. Ən ali məqsədinə ağlın, zəkanın, səbrin gücü ilə nail olmağa çalışardı. O, həm də gözəl tarixçi idi. Dünyanın gərdişini, kimlərin necə gəlib-getdiyini, özü ilə nələr gətirib, nələr apardığını hamıdan yaxşı bilirdi. Generalın "şəxsi silahı" ağlı, zəkası, siyasi fəhmi idi. Bundan güclü qılınc-nizə, top-tüfəng tanımırdı. Ona görə hər kəsə xatırladardı ki:

"Ağıl olan yerdə zora ehtiyac yoxdur."

Ümummilli lider Heydər Əliyev hardasa məmur özbaşınalığının tüğyan etdiyini eşidəndə, vicdanı dəyərdən salan harınların meydan sulamaq eşqinə düşdüyündən, rüşvəti nəzakət pərdəsinə bürüyən nankor vəzifə sahiblərinin əxlaqsız davranış tərzi ilə cəmiyyətin ab-havasını zəhərlədiyindən xəbər tutanda yaman qəzəblənərdi. Bu eybəcərlikləri ən böyük xəyanət bilən, onlara qarşı barışmaz mövqe tutan el atası belələrini haqlı olaraq cəzalandırmaqla kifayətlənməzdi. O hər kəsi mənəviyyat quldurlarına qarşı mübarizəyə çağırardı. Məsləksizləri, mövqesizləri məzəmmət edərdi. Təkcə xalqın, dövlətin malına göz dikənlərə deyil, gözlərdən sevinci, üzlərdən mərhəməti, konüllərdən məhəbbəti talayanlara ümidləri, arzuları puç edənlərə nifrətini gizlətməzdi. Ulu Öndər deyərdi:

"Rüşvətxoru, oğrunu qəhrəman etmək, öz xalqına xəyanət etməkdir".

Ulu öndər Heydər Əliyev etiraf edirdi ki, neft də, qaz da, pambıq da Azərbaycanın sərvətidir. Eyni zamanda yaxşı bilirdi ki, bu cür təbii sərvətlər dünyanın çox yerində mövcuddur. Amma mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qaynağı yalnız Azərbaycan torpağıdır. Mənəvi qızılı "ağ qızıl"dan, "qara qızıl"dan üstün tutardı. Milli mənəvi sərvətimizin yaradıcılarını qorumaq lazım gəldiyini hər fürsətdə dilə gətirərdi. Ulu Öndər deyırdi:

"Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı,
artist - bunlar fitri istedada malik olan nadir adamlardır."


Onun xüsusi qayğısını görmüş ziyalıların adlarını bir-bir sadalasaq siyahı günlərlə uzanar. Sadəcə bəzilərini xatırlayaq: Qara Qarayev, Niyazı, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Ziya Bünyadov, Rəsul Rza, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Anar. Sənətə, sənətkara onun qədər dəyər verən ikinci rəhbər görmədik. Ədəbiyyat və incəsənət nümayəndələrini, elm xadimlərini el-oba içində böyük nüfuz sahibi edən əsas amillərdən biri dahi rəhbər Heydər Əliyevin bu insanlara nümayişkaranə qayğıkeşliyi, məqsədyönlü dəstəyi idi. O hər kəsin nəyə qadir olduğunu yaxşı bilir, yeri gələndə istiqamətləndirir, tövsiyə verirdi. Ona inanırdılar, iradlarını da səmimiyyətlə qəbul edirdilər. Yalnız yüksək vəzifə mövqeyinə görə deyil, istənilən halda ədalət prinsipini hər şeydən uca tutduğuna görə hər kəsin gözündə ən yüksək zirvədə idi Heydər Əliyev. Ulu Öndər deyərdi:

"Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin
cəmiyyətdə hörmətini qaldırmaq lazımdır."


Ulu Öndər, çoxillik əmək fəaliyyətində müxtəlif vəzifələrdə çalışdı. Amma heç vaxt kimsənin yerinə gəlmədi. Pillə-pillə ucalaraq, Azərbaycan tarixində öz yerini tutdu.

"Hər bir insan həyatda öz yerini tapmalıdır.
Amma, öz yerini, özünə məxsus olan yerini tapmalıdır."


Bu da ulu öndər Heydər Əliyevin tövsiyəsi idi...