Bakının mərkəzində bu yol bağlı olacaq - Bir aydan çox

12 May 2016 19:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq. Belə ki, Hökumət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.