Azərbaycan Əfqanıstan Milli Ordusuna maliyyə dəstəyi göstərəcək

20 May 2016 17:41 (UTC+04:00)
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxış edərkən deyib.

E.Məmmədyarov qeyd edib ki, bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb: "Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik".

Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermə işinə sadiqdir: "Bu xüsusda, qətiyyətlə bir daha vurğulayıram ki, Azərbaycan 2016-cı il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun İnam Fonduna müvafiq əhəmiyyətli ianə edib və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb".

XİN rəhbəri deyib ki, bundan başqa, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və əməli əməkdaşlığa sadiq qalır: "Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra Azərbaycan inkişaf etmiş Davamlı Tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur. Azərbaycan Əfqanıstanın stabilliyinə verdiyi töhfəsi yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır. Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək".

Trend.az