“Türkiyə Avropa Birliyinə 3000-ci iləcən girə bilməyəcək”

24 May 2016 09:07 (UTC+04:00)

Camerin əvvəllər tutduğu mövqeyin əksinə olaraq deyib ki, Türkiyə Avropa Birliyinin üzvü olmaq üçün min il gözləməlidir.

O əlavə edib ki, hətta Türkiyə vətəndaşlarının Avropa Birliyinə vizasız gediş-gəlişi barədə razılaşma əldə olunarsa, Britaniya öz veto hüququndan istifadə edərək buna mane olacaq.

"Biz Türkiyənin AB üzvü olmasının qarşını ala bilərik. Britaniya və Avropa Birliyində olan hər bir ölkə başqa bir ölkənin qoşulmasına qarşı veto hüququndan istifadə edə bilər. Bu faktdır," deyə o bildirib.

Cameron Türkiyənin yaxın zamanlarda AB-nə girməsi ehtimalını rədd edib. O istehza ilə deyib ki, Türkiyənin bu sahədə hazırkı irəliləyişindən belə görünür ki, o 3000-ci ilə qədər AB üzvü ola bilməyəcək.

İyunun 23-də Britaniyada keçiriləcək referendum ölkənin AB-nin tərkibində qalıb-qalmayacağını müəyyən edəcək. Ölkədə bu məsələ ilə bağlı parçalanma var.

Cameron və tərəfdarları Britaniyanın AB-də qalmasını dəstəkləyirlər. Ölkənin AB-dən çıxmasını istəyənlərsə iş axtarmaq üçün gələn "milyonlarla türk mühacirin" Britaniya cəmiyyəti üçün təhlükə ola biləcəyindən ehtiyat edirlər.

Maraqlı məqamlardan biri odur kİ, Cameron və tərəfdarları da eyni səbəbdən, yəni mühacirlərin Britaniyaya girməsinin qarşısını almaq üçün AB-də qalmaq istədiklərini deyirlər.

Cameronun 2010-cu il iyulun 27-də Ankarada etdiyi çıxışı xatırlayanlar onun mövqeyindəki bu kəskin dəyişikliyin nədən qaynaqlandığını sual edirlər.

Həmin çıxışında o belə demişdi: "Mən Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləmək və buna görə vuruşmaq üçün buradayam."

"Mən sizin AB üzvlüyü yolunda ...ən güclü vəkiliniz olaraq qalacağam. Mən istəyirəm ki, biz birlikdə Ankaradan Brüsselə gedən yolu hamarlaşdıraq."

Britaniyanın AB-dən çıxması tərəfdarları iddia edirlər ki, AB-nə gələn türklər arasında "qatillər, terrorçular və insan oğruları" ola bilər. Üstəlik bu iddiaları dəstəkləmək üçün anonim qəzet məqalələri dərc olunur.

Referendumda AB üzvlüyünə "yox" deməyə çağıran Vote Leave düşərgəsi hətta türklərin dünyaya britaniyalılardan daha çox uşaq gətirdiklərini və bunun gələcəkdə Britaniyanın demoqrafiyasını dəyişdirə biləcəyini də iddia edir.

Bu düşərgə həm də türkləri yoxsul kimi qələmə verən poster də dərc edib. Bu posterdə Britaniya pasportunun üzərində türk mühacirlərini simvolizə edən çirkli ayaq izləri təsvir edilib.

Türkiyənin yeni baş naziri olacaq AKP lideri Binali Yildirim AB-dən bu məsələ ilə bağlı mövqeyini açıqlamağı tələb edib.

"Türkiyənin tamhüquqlu üzvlüyü və mühacir məsələsi ətrafında ziddiyyətə son qoyulmalıdır. Biz artıq AB-nin Türkiyə ilə bağlı nə düşündüyünü bilməliyik," deyə Binali Yildirim bildirib.

Azadliq.org