“Mənə seçki ilə bağlı xeyli təkliflər var” – İqbal Ağazadə

24 May 2016 10:00 (UTC+04:00)
- İqbal bəy, deputatlığa namizədliyiniz qeydə alınıb. Təbliğat işləri üçün hazırlıq işləriniz nə yerdədir. Hansı planlarınız var?

- Təbliğatın qanunla icazə verilən bütün imkanlarından yararlanacağıq. Biz seçki üçün təzə sima deyilik, seçki bizi tanıyır, hüquqlarımızı və fəaliyyətimizi bilir. Ona görə də bizim seçkidə işləmək imkanlarımız rahatdır.

- Uzun illərdir ki, 35 saylı Xətai İkinci Seçki Dairəsindən deputat kimi fəaliyyət göstərirdiniz, seçicilər sizi yaxşı tanıyırdı, namizəd kimi onlarla işləmək sizin üçün daha rahat idi. İndi isə Bakıdan xeyli uzaq, sizə yad bir rayondan namizəd olmusunuz. Bu uzaqlıq sizə əlavə problemlər yaratmayacaq ki?

- Ağdaş seçiciləri ilə işləmək çox rahat olacaq. Biz hamımız azərbaycanlıyıq. Azərbaycan elə də böyük bir yer deyil, seçicilər bir-birində elə də fərqlənmir. Problemimiz də eynidir, demək olar ki az fərqlilik var. Vətəni o başı, bu başı yoxdur. Nə Ağdaş, nə Xətai, nə Lənkəran, nə də Şəki…Eyniyik. O qədər də böyük ölkə deyilik ki, hər bir ölkənin spesifik problemləri və çətinlikləri olsun. Mahiyyət etibarı ilə bütün seçicilərin problemləri eynidir. İnsanlarımız harada yaşamağından asılı olmayaraq, hər biri azərbaycanlıdır. Qonaqpərvərliyindən tutmuş hər bir problemlərinə yanaşmaq tərzinə kimi oxşardır. Hesab etmirəm ki, elə də çətinlik yaranacaq.

- Bu dəfə aparacağınız təbliğat kampaniyasında müxalifət partiyalarının dəstəyindən istifadə etmək fikrindəsiniz, yoxsa?..

- Bütün səylərimizlə çalışacağıq ki, müxalifət partiyalarından dəstək alaq. Bizə dəstək verən bütün təbəqələrin hamısı ilə bir yerdə olaq, fikir mübadiləsi aparaq. Güman edirəm ki, parlamentdə fəaliyyətim Azərbaycan müxalifətinin bütövlükdə səsi idi. İndi parlamentdə olmadığım müddətdə bunu daha çox hiss edirlər və bilirlər. Güman edirəm ki, bu dəfə mənə dəstək verənlər daha çox olacaq.

- Dəstəklə əlaqədar hər hansı partiyadan təklif almısınız?

- Bəli, təkliflər var, amma onlar müzakirə edilib, yekunlaşdırılmalıdır. Bunlar ümumi bir mövqeyə çatanda cəmiyyət üçün ifadə olunacaq.

- 90-Saylı Ağdaş Seçki Dairəsindən müxalifətin dəstəkləyə biləcəyi başqa namizəd var?

- Yox.

- Parlament seçkilərində 35-Saylı Xətai İkinci Seçki Dairəsindən namizəd olarkən hazırkı deputat Araz Əlizadə ilə aranızda xeyli problemlər yaşandı. Və sonra da sizin mandatınıza sahib oldu. Bu məyusluqdan sonra Sizə nə ümid verdi ki, təkrar seçkiyə girdiniz?

- Biz siyasi proseslərdə olduğumuz müddətdə heç bir zaman əhvalımıza uyğun olaraq davranmamışıq. Belə məsələ siyasətdə yoxdur. Siyasət bizim üçün mübarizədir. İdeya və məqsədlərimizi həyata keçirmək üçün seçdiyimiz peşə fəaliyyətidir. Bu fəaliyyət bizim əhval-ruhiyyəmizə deyil, reallıqlara uyğun olur. Xətai seçki dairəsindən nəticələrlə bağlı 27 məntəqədən protokol almışdıq. Ona uyğun da fəaliyyətimiz vardı. Buna kimsə şübhə etsə də, Mərkəzi Seçki Komissiyasına ərizəmizlə sübut etdik. Biz gücümüz xaricində olan məsələlərlə çabalayıb siyasətdə geriyə baxmaq istəmirik, irəliyə baxmağa can atırıq. Gələcək üçün mübarizə metodlarını müəyyənləşdiririk. Biz yalnız irəliyə baxırıq.

- Bu dəfə yenidən deputat seçilib parlamentə qayıtmağınıza ümidiniz nə qədərdi?

- Ümid hər zaman var. Azərbaycanın gələcəyinə də, tam şəkildə demokratikləşməsinə də çox ümidliyəm. Azərbaycan dünya xalqları və dövlətləri içərisində layiqli yerini tutacaq. Bunun üçün də siyasi mübarizədəyik. Bu gün olmasa da, sabah hökmən istədiyimiz Azərbaycan qurulacaq.

Bu gün bizim qarşımızda duran bir vacib məsələ var- o da seçki və qələbə.

Bahar RÜSTƏMLİ
AzNews.az