Ermənilər aprel döyüşlərindəki məğlubiyyətinin əvəzini çıxmağa çalışır

24 May 2016 21:02 (UTC+04:00)

Bu barədə jurnalistlərə bu gün "Roskosmos" sədrinin müavini Sergey Savelyev bildirib. Onun sözlərinə görə, "Roskosmos" 2016-cı ildə Ermənistanda QLONASS stansiyalarının inşasını gerçəkləşdirir.

1976-cı ildə SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış və 1993-cü ildən Rusiya Müdafiə Nazirliyi tərəfindən istifadə üçün təhvil götürülmüş qlobal naviqasiya sistemi QLONASS dünyada fəaliyyət göstərən iki qlobal peyk naviqasiyası sistemindən biridir. Bütün istifadəçilər üçün açıq naviqasiya sistemi olması bəyan edilsə də, 24 peyklə fəaliyyət göstərən QLONASS-ın əsas məqsədi potensial düşmən ərazilərində kəşfiyyat aparılması ilə bağlıdır. Məhz QLONASS-ın fəaliyyətinin bu tərəfini nəzərə alaraq ABŞ öz ərazisində bu sistemin stansiyalarının yerləşdirilməsinə icazə verməyib.

Hərbdə QLONASS sistemindən istifadə edərək düşmən tərəfin hərbi kolonlarının, tanklarının və digər zirehli texnikasının hərəkətini müəyyən etmək mümkündür. Məhz bu cəhətdən Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində Ermənistanın QLONASS-ı Azərbaycana qarşı müharibədə istifadə etmək niyyətində olduğunu bildirir: "Azərbaycanın "Azerspase" peyki onları çox narahat edir. Aprel döyüşlərində Azərbaycan ordusunun üstün olmasında bu peykin də rolu çox olub".

Üzeyir Cəfərovun fikrincə, ermənilərin bu canfəşanlığı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonlarına nəzərdə tutulmuş görüşü ilə bağlıdır: "Heç nə təsadüfi deyil. Ermənistan canfəşanlıqla Rusiyadan dəqiq silahlar almaq üzərində işləyir. Həmçinin erməni zabitlər Rusiya poliqonlarından dəqiq silahlarla işləmək üçün təlimlərdən keçirlər. Ermənistanın QLONASS-a qoşulması da bu çərçivədə atılmış addımdır. Müdafiə naziri Seyran Ohanyan itirilmiş mövqelərin qaytarılmasından danışır. Ermənistanın görüş əvvəli revanş eləmək niyyəti göz qabağındadır".

Polkovnik-leytenantın fikrincə, İrəvan bu məsələdə Rusiyanın himayəsinə güvənir: "Moskva rus silahının apreldə korlanmış imicini qaldırmağa çalışacaq. Buna görə də biz istənilən təxribata qarşı hazır olmalıyıq. Bundan əvvəl biz 24 saat rejimində ermənilərin addımlarını izləyirdiksə, indi 48 saat rejimində çalışmalıyıq. Yəni sayıqlığımızı 2 dəfə artırmalıyıq".



Təbii ki, Ermənistanın hansısa 200 milyon dollarlıq silah alması ilə Azərbaycan ordusu üzərində üstünlük qazanması qeyri-mümkündür. Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə, 2005-ci ildən başlayaraq qoyulan vəsaitlərə görə Azərbaycan ordusu Ermənistan ordusunu dəfələrlə üstələyir. Məsələn, zirehli texnikanın sayına görə, Azərbaycan ordusu 4 dəfə güclüdür.

Son illərdə Azərbaycan ordusuna ayrılan vəsaitlər xüsusilə artıb və il üzrə 4 miylard dollara yaxınlaşıb. Bu, Ermənistanın illik büdcəsindən yuxarı rəqəmdir. Amma bununla belə, Ermənistan ordusunun qəfil zərbəsi cüzi də olsa revanş imkanı yarada bilər. Bu isə Ermənistan ordusunda aprel döyüşlərindən sonra yaranmış xofu xeyli azalda bilər. Bu, iyun görüşləri ərəfəsində Azərbaycan diplomatiyası üçün xeyli çətinlik yarada bilər.


Anspress.com