“Rusiya Qarabağ münaqişəsini böyük enerji ilə həll etməyə çalışır”

25 May 2016 21:13 (UTC+04:00)

Bu sözləri "Valday" klubunun inkişaf və dəstək fondunun proqram direktoru, Rusiya Xarici İşlər Nazirliyinin "Vneşnaya politika" ("Xarici siyasət") agentliyinin rəhbəri, politoloq Andrey Suşentsov deyib.

O, bildirib ki, münaqişə bölgəsindəki status-kvo Rusiya və onun müttəfiqlərinə ziyan vurur.

"Münaqişənin uzanması Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Hazırda isə status-kvo çox kövrəkdir. Həmçinin Rusiya Qarabağ münaqişəsini böyük enerji ilə həll etməyə çalışır. Bunu son illərdə Moskvanın diplomatik təşəbbüslərindən hiss etmək olar".

Andrey Suşentsov deyib ki, status-kvo Rusiyanın müttəfiqi olan Ermənistanın da ziyanınadır. "Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur. Həmçinin İrəvan vacib regional nəqliyyat və enerji infrastrukturlarından kənarda qalır. Bundan başqa Türkiyə tərəfindən blokadadır və dənizə çıxışı yoxdur. Bütün bunlar İrəvanın iqtisadi vəziyyətini pisləşdirir".

Cəbhə xəttində gərginlik baş verdikdən sonra Rusiya münaqişənin həllində fəallaşmağa başlayıb. Həmçinin aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında baş verən gərginlik Rusiyanın təşəbbüsü ilə sona çatdı.

Azərbaycan və Ermənistanın yüksək rütbəli hərbçiləri Moskvada görüşdülər və atəşkəş barədə razılığa gəldilər.

Ermənistan təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı Rusiya Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləmədi. Moskvanın İrəvanı dəstəkləməməsi Bakını itirmək istəməməsi ilə izah olundu.

Amma Rusiya ilə gərgin münasibətlər yaşayan Türkiyə Azərbaycanın mövqeyini dəstəkləmişdi. Türkiyə rəsmiləri çıxışları zamanı Azərbaycana hər cür dəstəyi göstərə biləcəklərini bəyan etmişdilər. Bu isə Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya rəsmiləri deyiblər ki, Türkiyənin bu mövqeyi tərəfləri müharibəyə təhrik etməkdir.


Anspress.com