Mətbuat Şurası Ukrayna qurumlarına müraciət etdi

27 May 2016 18:47 (UTC+04:00)

Şuradan AzNews.az-a verilən məlumata görə, müraciətdə adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç birinin sözügedən ərazilərdə olmadığı və akkreditasiya üçün bu quruluşlara müraciət etmədiyi diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, "Mirotvorets" təşkilatı həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edərkən onların Rusiyanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmələrini və bu ölkə ərazisində fəaliyyət göstərmələrini əsas götürüb.

Müraciətdə qeyd olunub: "Məlumat üçün bildiririk ki, Azərbaycan özü də işğalçı Ermənistanın timsalında separatçılıqdan və ekstremizmdən əziyyət çəkir. Media ictimaiyyətimiz separatçılığın istənilən formasının təbliğinin Azərbaycanın dövlətçilik maraqları ilə zidd olduğunu birmənalı şəkildə qəbul edir. Bu həssas məsələdə dövlətimiz, ictimaiyyətimiz və mediamız vahid prinsipial mövqeyə malikdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşlığını daşıyaraq ölkəmizin kütləvi informasiya vasitəsini xaricdə təmsil edən şəxsin nəinki Ukraynanın, istənilən başqa dövlətin də ərazi bötüvlüyünə xələl gətirəcək qeyri-qanuni aksiya və təşəbbüsdə yer alması mümkün deyildir".

Müraciətdə həmçinin deyilir ki, "Mirotvorets" təşkilatının çoxlu sayda jurnalisti, o cümlədən ölkəmizin media mənsublarını bu sayaq şübhələndirmək istəyi beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsiplərinə tamamilə ziddir: "Sizə müraciət edərək belə bir qurumun ümumilikdə Azərbaycan və Ukrayna dövlətləri arasında nifaq yaratmağa hesablandığı aydın görünən fəaliyyətinə diqqətlə yanaşmağı, müvafiq hüquqi tədbir görməyi xahiş edirik".