Nikaha girənlərdə talassemiya aşkarlandı - 7503 nəfərdə

1 Avqust 2016 10:42 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu haqda Mərkəzin 2016-cı ilin 1-ci yarımilliyinə dair hesabatında qeyd olunub. Cari ilin 1-ci yarımilliyi ərzində Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı isə 142 nəfərdir.

Hesabatda bildirilir ki, Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

Hesabatda o da vurǧulanıb ki, eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.

Eyni zamanda 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Son olaraq nəzərinizə çatdıraq ki, bütün görülən işlərlə yanaşı "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə" Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.