“Bəzən xətrimizə də dəymisiniz” - Deputatlar AzNews.az-dan danışdı

1 Avqust 2016 15:27 (UTC+04:00)

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas düşünür ki, sayt artıq oturuşub və öz auditoriyası var: "4 il AzNews.az-a açıq olmuşam, ünvanıma gələn bütün suallarını çavablandırmışam. Xətrimə də dəydiyiniz anlar olub, amma bu keçib gedib. İzləyirəm, maraqlı saytınız var. Artıq bu sayt oturuşub və özünün oxucularını tapıb, toplaya bilib. AzNews.az az vaxtda özünə mətbuat bazarında yer tutdu. Mediada bu qısa vaxtda özünə yer tutmaq asan məsələ deyildi. Bunu məhz siz bacardınız. Yolunuzu düz tutmusunuz. Özünüzün qazandığınız özünüzə bəs edir. Sizə bir ağsaqqal arzum var. Daha geniş əhatədə təmsil olunmanızı istəyirəm. Yəni, tək Azərbaycan deyil, dünya xəbərləri də saytınızda yer alsın. Türkmənistan, Qazaxıstandan heç bir sayt məlumat vermir. Lakin bu ölkələr də oxucuları maraqlandırır. Arzu edirəm ki, dünyada yaşayan bütün türklərlə bağlı məlumatlar verəsiniz".

Millət vəkili Nizami Cəfərov AzNews.az-ın mediada söz sahibi olduğunu vurğulayıb: "Bəzən elə olur ki, uğurlar ildə bir dəfə əldə olunur, amma AzNews.az hər gün irəli gedib. Ölkənin, dünyanın ictimai, mədəni, siyası informasiya həyatına daxil olmusunuz. Beləliklə də böyük söz sahibi olmusunuz. Elə bir gün yoxdur ki, ölkə mətbutı sizin saytdan nəsə bir yazı götürməsin. Hər gün mətbuatın diqqəti və gözü AzNews.az-da olur. Ən maraqlısı isə kifayət qədər obyektiv olmağınız olub. Nədənsə çəkinmək sizdən uzaq olub. Arzu edirəm ki, bundan sonra heç bir xüsusi proqramsız bu ənənəni və tutduğunuz yolu davam etdirəsiniz. Həmişə də ictimai təfəkkür, mədəni, nüfuzlu beyin mərkəzi kimi öndə olasınız. Sizə məsləhət verməyə ehtiyac yoxdur. İstərdim ki, bundan sonra oxuculara ölkəmizin həyatında baş verən ancaq şad xəbərləri çatdırasınız, millətin uğurlarını işıqlandırasınız. Daha çox neyləyə bilərik ki, bir az da öndə olaq, inkişaf edək kimi fikirlərlə bağlı düşüncələr əks olunsun".

"AzNews.az uğurlu bir layihədir". Bu fikriləri isə milət vəkili Fazil Mustafa səsləndirib. O saytların artdığı bir vaxtda qalıcı bir ünvana çevrilməyin sayt əməkdaşlarının peşəkarlığından asılı olduğunu deyib: "AzNews.az ötən 4 il ərzində həm xəbər çatdıran, həm də çatdırdığı xəbərlə diqqət mərkəzində olan sayt olaraq özünəməxsus yer tutmaqdadır. Bu saytla əməkdaşlıq maraqlıdır. Dəfələrlə müsahibələrin fərqli üslubda təqdimatını görmüşəm. Peşəkarlıq baxımından AzNews.az izləyicilərini razı sala bilib. Bundan sonrakı müddətdə də saytın əməkdaşlarına, yaradıcı insanlarına uğurlar arzulayıram və əməkdaşlığımızın davam etməsindən məmnunluğumu ifadə edirəm".

Bahar RÜSTƏMLİ
AzNews.az