“Başqa yerlərdə qayçılanan yazılarım AzNews.az-da dərc edilib” - Ədəbiyyat adamlarının ürək sözləri

1 Avqust 2016 18:22 (UTC+04:00)

Bu sözləri yazıçı Əkrəm Əylisi AzNews.az saytının 4 illiyi ilə bağlı fikirlərini səsləndirərkən deyib. Yazıçı saytların ana dili məsələsində həssas olmalı olduğunu önə çəkib: "Ana-dili mətbuatda pis durumdadır. AzNews.az bir az da istedad nümayiş etdirsin, ana dilinə olan münasibəti daha da önə çəksin. Kim nə gəldi yazır. Dil cəmiyyətdəki həyat tərzinin hər hansı bir formasıdır. Dil saflaşdıqca cəmiyyətin həyatında baş verənlərin göstəricisi kimi önə çəkilir. Doğru söz cəmiyyətdə sağlamlıqdır, qarşı tərəfə tuşlanmış silahdır. Hər kəs öz imkanları daxilində çalışır ki, həqiqətə yaxın olsun. Amma həqiqətə yaxın olmaq insanın şəxsi iradəsindən asılı deyil. Həqiqətə yaxın olmaq üçün daxilən onunla yaşamaq lazımdır. Yəni, insan özlüyündə həqiqətin yanında olmalıdır. Bu olmadan insan pak ola bilməz. Siz bunu bacardınız. Doğruya sədaqətli oldunuz. Elçin Zahiroğlu da sağ olsun sizə azadlıq verib".

Yazıçı-dramaturq Firuz Mustafa: "AzNews.az saytının fəaliyyətə başladığı vaxtdan cəmi dörd il keçib. Bu ötən illər ərzində sayt kifayət qəfər intensiv fəaliyyət göstərib. Hesab edirəm ki, artıq saytın öz daimi, tələbkar, səviyyəli izləyiciləri var. Məni AzNews.az-da əsasən mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla, elmlə bağlı gedən yazılar maraqlandırır. Saytda tez-tez problematik materiallarla rastlaşıram. Əməkdaşların ətrafda baş verən hadisələrə operativ müdaxilə və yanaşması da diqqəti çəkən hallardandır. Arzu edərdim ki, saytda yaradıcı adamların imzası daha sıx-sıx görünsün. Düşünürəm ki, saytın əməkdaşları bundan sonra da öz gərəkli fəaliyyətlərini layiqincə davam etdirəcəklər. Təbrik edirəm".

Şair Aqşin Yenisey: "AzNews.az mənim hər gün izlədiyim beş-altı saytdan biridir. Özü də bu saytı mən kiminsə vasitəsilə tanımamışam, sayt özü öz yazıları ilə diqqətimi cəlb edib. Neçə müddətdən sonra bilmişəm ki, saytın baş redaktoru dostum Elçin Zahiroğludur. Bu il mənim ən qalmaqallı, ən çox tənqidlərə tuş gələn, ancaq indiyə kimi dəfələrlə deməyimə baxmayaraq başqa saytlarda redaktor qayçısına tuş gələn müsahibəm də bu saytda yayımlanıb. Sizə yalnız uğurlar arzu edirəm, xəbərləriniz operativ, yazılarının maraqlı, oxucularınız bol olsun".

Bahar RÜSTƏMLİ
AzNews.az