Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

2 Avqust 2016 09:30 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.