Hər iki ayağı kəsilən qadın xərçəng daşıyıcısı imiş? - Açıqlama

2 Avqust 2016 11:02 (UTC+04:00)

Bu sözləri Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin sabiq direktoru Azər Şəmsəddinski bildirib.

Həkim xəstədə şəkərli diabetlə yanaşı qan xərçəngi aşkarlandığını deyib:
"Yaxşı ki, xəstə əməliyyatları keçirdi. Özü, yaxınları, qohumları vəziyyətinin ağır olduğunu bilirdi. B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda onun qan analizləri edilib. Nəticələr müsbət idi, onda qan xərçəngi aşkarlanmışdı. Yaşlı xanımın bu qədər xəstəliklə əməliyyata girməsi böyük bir şey idi".

Xəstənin həkim səhlənkarlığı ucbatından dünyasını dəyişməsi iddiasına gəlincə, A.Şəmsəddinski hazırda təqaüddə olduğunu qeyd edib:
"Mən işləmirəm, təqaüddəyəm. Ona görə də bu işlərlə yaxından maraqlana bilmirəm".

Xatırladaq ki, iyunun 26-da Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində vətəndaş Məmmədova Tərlan Həsən qızı üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyatı zamanı mərkəzin həkim-cərrah Valeh Kərimov kobud səhv edərək xəstənin sol ayağı əvəzinə sağ ayağını amputasiya edib. Əməliyyatdan sonra həkim mexaniki olaraq səhv etdiyini açıqlayıb.

Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzində xəstənin ayağının yanlışlıqla kəsilməsi hadisəsi barədə müvafiq qərar verib. Qərara əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski və həkim-cərrah Valeh Kərimov işdən kənarlaşdırılıb.

Xəstə T.Məmmədova iyulun 31-də dünyasını dəyişib.

Modern.az