İcra başçısından yarım illik hesabat - Referenduma hazırlıq başlayıb

2 Avqust 2016 13:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasını giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

A.Fərzəliyev cari ilin sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi – Referenduma hazırlıqla əlaqədar təşəbbüs qruplarının yaradılması üçün hazırda rayon ərazisində təşkilati işlərin həyata keçirildiyi, rayonda fəaliyyət göstərən seçki dairə və məntəqələrinin maddi-texniki vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görüldüyü barədə məlumat verərək bu işlərdə müəssisə və təşkilatların kollektivlərinin yaxından iştirakının əhəmiyyətini qeyd edib və hər zaman olduğu kimi Ümumxalq səsverməsinin (Referendum) də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə əminliyini ifadə edib.

Hesabat dövrü ərzində Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda və orijinal layihə əsasında inşa edilmiş 4 ədəd yaşayış binasının, həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.

Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1578 daimi iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi bildirilib.

Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli "Qaynar xətt" xidmətinin fəaliyyət göstərdiyi, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan kollegial orqan olan 9 nəfərdən ibarət Apelliyasiya Şurasının yaradıldığı və yarandığı tarixdən indiyədək Şuraya heç bir müraciətin daxil olmadığı vurğulanıb.

Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 1144 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 müraciətdən 123-nün öz müsbət həllini tapdığı, 6-nın isə nəzarətə götürüldüyü nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov, Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov, "Təfəkkür" Universitetinin İqtisadiyyat kafedrasının müdiri Cümşüd Nuriyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin ilk yarısı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.