Nərimanovda söküləcək binaların siyahısı hazırdır - 219 bina söküləcək

2 Avqust 2016 13:42 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Şuranın geniş iclasında məlumat verib. O, artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alındığını vurğulayıb.

A. Fərzəliyevin sözlərinə görə, rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığını deyən icra başçısı, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını və artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanıldığını da qeyd edib.



Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsinin qərara alındığı, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bütün bu məsələlərlə bağlı təşkilati işlərin icrasına start verildiyi və nəhayət, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqının ödəniləcəyi, yaşayış sahəsinin digər hissəsi və qeyri-yaşayış sahələrinin satışa çıxarılaraq sahibkarlara xeyli miqdarda gəlir gətirəcəyi vurğulanaraq, hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlərin keçirildiyi əlavə olunub.