SOCAR “Petkim”də əməliyyat – Həbslər var

2 Avqust 2016 13:44 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İzmir polis idarəsinin əməkdaşları tərəfindən Aliağa rayonunda yerləşən SOCAR "Petkim Petrokimya Holding A.Ş."da əməliyyat aparılıb. Əməliyyat çərçivəsində barəsində saxlanma qərarı olan 31 nəfərdən 16-sı tutulub. Onların keçmiş baş direktor Saadettin Korkuta yaxın şəxslər olduğu bildirilir.

Saxlanılanlar arasında insan resursları şöbəsinin müdiri Raqif Fərəcov, şöbənin baş direktor müavini Məhəmməd Altay Özgür, satış departamenti əməkdaşları Ökkeş Tufanturan və İbrahim Aydın da var.

Satın alma, marketinq başda olmaqla bir çox müəssisədə istifadə edilən kompüterlər müsadirə olunub. Polis 1, 2, 3 kimi yerləşən Petkim Korpusundakı bütün yataqxanalara daxil olub. Xüsusilə işçilərin qaldığı yataqxanalarda ətraflı axtarış aparılıb. İyulun 28-də istefa edən və ardınca saxlanılan SOCAR Petkim baş direktoru Saadettin Korkutun istifadə etdiyi ofis və kompüterlərdə də axtarış aparılıb.

Aydan AXUNDOVA