Rauf Arifoğlunun qardaşı da Müsavatdan getdi

2 Avqust 2016 15:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə yazıb. O, Müsavat partiyasının başqanı Arif Hacılının son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə işlətdiyi ifadələrə görə bu addımı atdığını bildirib: "1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat partiyasındakı fəaliyyətimi dayandırıram. Arif Hacılının bu çirkin mövqeyi təkcə Rauf Arifoğluna qarşı yönəlməyib. Onun bu sözləri, böhtan və təhqirləri həm də avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı".

Qeyd edək ki, bu gün sözügedən mətbuat orqanının daha üç əməkdaşı - Ələsgər Süleymanlı, Elşad Paşasoy və Etibar Seyidağa da Müsavat Partiyasının sıralarını tərk edib.

Xatırladaq ki, Müsavat başqanı A.Hacılı mətbuata müsahibəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ünvanına ağır xoşagəlməz sözlər işlədib.