Sabiq milli təhlükəsizlik nazirinin şikayəti təmin edilmədi

2 Avqust 2016 17:15 (UTC+04:00)

Sabiq nazirin şikayətinə Naxçıvan Apelyasiya Məhkəməsində baxılıb.

Prosesdə çıxış edən Vəli Ələsgərovun vəkili Vüqar Xasayev müdafiə etdiyi şəxs barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib. Daha sonra işə baxan hakimlər apelyasiya şikayəti üzrə qərara elan ediblər. Vəli Ələsgərovun apelyasiya şikayəti təmin edilməyib.

Vəli Ələsgərovun vəkili Vüqar Xasayev Teleqraf.com-a bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Teleqraf.com