Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olarsa...

3 Avqust 2016 09:24 (UTC+04:00)

İctimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edən Ermənistan prezidenti deyib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir. Onun sözlərinə görə, konstitusiya islahatları məhz buna yönəlib. "Əminliklə deyirəm ki, cəmi bir neçə ay sonra Ermənistanda məhz belə hökümət olacaq" - o bildirib.

Daha sonra o, Qarabağ məsələsi haqda danışarkən "birtərəfli güzəştlərin olmayacağını" deyib. "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram" -Sərkisyan deyib.

Ölkədə Qarabağa görə qiyam təşkil edən, xalqın küçələrə çıxmasına şərait yaradan, radikalların Qarabağla bağlı silaha əl atmasında göz yuman S.Sərkisyan sonda verdiyi Qarabağ bəyanatı ilə həm etirazları səngitməyi düşünür, həm də bununla qarşıdakı görüşlər üçün kart-blanş əldə etməyə çalışır. Bundan əvvəl "dünya yığılsa da, Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa razı sala bilməz" deyən Sərkisyan indi də "xalq etirazları"nı əsas gətirib güzəştli sülhdən yayınmağa çalışır.



Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti binanın tutulması ilə bağlı 47 şəxsin saxlanıldığı barədə məlumat yayıb. Proseslərin episentrində dayanmış, məhbus müxalifətçi Jirayr Səfilyan isə 2006-cı ildən sonra ikinci dəfə dövlət çevrilişinə cəhddə günahlandırılıb. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Səfilyan livanlı dostu Ralf İrikyanla birlikdə "Pekin" restoranında nahar edərkən tutulmuşdu. Ralf İrikyan Ermənistanın biznesini oğurluq və reket yolu ilə deyil, öz əlləri ilə qurmuş azsaylı milyarderlərindən biridir. O, "Vivasel MTS" telekommunikasiya şirkətinə rəhbərlik edir.

Qeyd edək ki, iyulun ortalarında Jirayr Səfilyanın tərəfdarlarından ibarət bir qrup İrəvanda polis idarəsinin binasını ələ keçirmişdi. İki həftəlik silahlı qarşıdurma ərzində onlar hakimiyyətdən liderlərinin azad olunmasını tələb edirdilər. Silahlı şəxslərlə üz-üzə dayanmağın təhlükəli olduğunu anlayan erməni hakimiyyəti isə ölkədə bəzi silah növlərinin satışına qadağa qoyub. Bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.



Ermənistanda "İrs" partiyasının nüfuzlu nümayəndələri David Sanasaryan və Ovsep Xurşudyan da həbs olunanlar arasındadır. İrəvan Ağsaqqallar Şurasının üzvü, "İrs" partiyasının mətbuat katibi David Sanasaryan haqqında iki ay müddətinə həbs qərarı verilib. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Sanasaryanın vəkili Robert Revazyan bildirib. Vəkil vurğulayıb ki, Sanasaryan kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.

Saxlanılan şəxslərdən 24-nə "Girov götürmə", "Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması" və "Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi" maddələri üzrə ittiham irəli sürülüb. Şübhəsiz ki, Sərkisyan daha il yarım müddətində məhkəmə şouları ilə ölkədə baş qatmağa çalışacaq və həm də vasitəçilərə Qarabağda güzəştlərə getməsinin "riskli" olduğu barədə bəhanələr uyduracaq. Xüsusilə də onun Qarabağ üçün "canından keçməyə" hazır olduğunu bəyan etməsi Azərbaycana mövqeyini qətiləşdirmək və növbəti əməliyyatlara hazır olmaq mesajı da verir. Belə görünür ki, Sərkisyan son bir ayda cəbhəyə iki dəfə gəlməklə mövqelərdəki durumu öyrənmək istəyib. Bunun ardınca müharibə müsajını səsləndirməsi ondan xəbər verir ki, aprel döyüşləri Sərksiyana dərs olmayıb. "Ermənistan prezidenti Serj Sərkisyanın "canımdan keçərəm, Qarabağdan keçmərəm" açıqlaması daxili və xarici auditoriyaya hesablanıb. Daxilə mesajı budur ki, narahat olmayın, Qarabağ danışıqlarında güzəştə getməyəcəm, xarici auditoriyaya isə demək istəyir ki, "mənə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsində təzyiq etməyin, yoxsa Ermənistanda xaos başlana bilər".

Politoloq Elxan Şahinoğlu bunu "Yeni Müsavat"a açıqlamasında dedi.

Ekspertin sözlərinə görə, bu mesajlar Sərkisyanı xilas etməyəcək: "Demaqogiya ilə məşğuldur, ölkəni uçuruma yuvarlandırıb, iqtisadiyyat və sosial sahə dağılıb, ölkəni tərk edənlərin sayı durmadan artır və ən nəhayət, Ermənistanı Rusiyanın əlavəsinə çevirib, indi də bəd ayaqda əhalini Qarabağla bağlı "şüarla" sakitləşdirmək istəyir. Ona görə biz elə etməliyik ki, Sərkisyan Dağlıq Qarabağı itirməklə, özünün təbirincə desək, canından da keçsin. Çünki o, bizə başqa alternativ qoymur. Ötən müsahiblərimdə demişdim ki, Ermənistandakı daxili qarşıdurmanın gedişatını diqqətlə izləməli və buna uyğun qərar verməliyik. Qarşıdurma indiki mərhələdə nisbətən səngiyib, polis məntəqəsi qiyamçılardan azad edilib. Yəqin ki, indi ikinci mərhələ başlayacaq. Bu mərhələdə həbslərin sayı artacaq. Növbəti mərhələdə isə hakimiyyətlə sistemdən kənar müxalifətin və cəmiyyətin fəal hissəsi ilə növbəti qarşıdurması baş verəcək. Bu arada Ermənistanda terror hadisələrinin, sui-qəsdlərin baş verməsi ehtimalı da az deyil".



E.Şahinoğluna görə, aydındır ki, biz bütün mərhələləri gözləməli deyilik: "Azərbaycan prezidenti İlham Əliyev erməni həmkarı ilə növbəti görüşdə məsələni sərt qoymalıdır: Ermənistan status və ya referendumun keçirilmə tarixi şərtini irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə hazırdır, ya yox? Sərkisyan bu suala növbəti dəfə "yox" cavabı verdiyi halda, biz tədbirlərimizi buna görə verməliyik. Həm də bu cavabı beynəlxalq birlik də görəcək. Doğrusu, növbəti nəticəsiz danışıqlardan sonra Sərkisyanla bir müddət görüşməyin əhəmiyyəti qalmayacaq. Azərbaycan prezidenti İlham Əliyev özü də dəfələrlə vurğulayıb ki, imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etməyəcək. Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirsə, demək, növbəti danışıqların imitasiya əhəmiyyəti daşıyacağı üzə çıxacaq. Aprel ayından bu yana danışıqların gedişatı göstərir ki, Sərkisyanın masa arxasındakı mövqeyi dəyişməyib. Ona görə də cəbhə bölgəsində işğalçıya qarşı təzyiqi artırmalıyıq".

Politoloq Arzu Nağıyev isə hesab edir ki, bu, Sərkisyan tərəfindən verilən birinci belə bəyanat deyil: "Bəzi kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də bunu deyib. Məlumdur ki, İrəvanda düzənlənən sonuncu siyasi şouda Sərkisyan öz istəyinə çata bilmədi. Çünki əsas tələb Dağlıq Qarabağ münaqişəsində güzəştə getməməkdən ibarət idi. Eyni zamanda Dağlıq Qarabağdakı separatçılar qarşısında da "müstəqillik" sözü verməkdə davam edən Sərkisyan bununla öz hakimiyyətini qoruyur və status-kvonu saxlayır, danışıqları uzadır. Məqsəd də seçkilərə qədər uzatmaq və hakimiyyətdən getməkdir. Təbii ki, bu, ilk növbədə Azərbaycanı qane etmir, bundan başqa, Qərb də regionda təhlükəsizliyin təmin edilməsinə çalışır. Əsas oyunçu kimi Rusiya da stabillikdə maraqlı olmalıdır. Yəqin ki, Türkiyənin də Rusiya ilə yaxınlaşması problemin həllinə müsbət təsir edə bilər. Azərbaycan belə bir vəziyyətdə təbii ki, öz prinsiplərindən geri çəkilməyəcəkdir və bütün beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə çalışacaqdır . Bunun üçün də ATƏT müvafiq qərarlar verməlidir.

Əsasən ilk mərhələ kimi rayonların işğalçı ordudan təmizlənməsidir. Ermənistanda isə etiraz aksiyaları müvafiq ssenari üzrə davam edəcəkdir, çünki bununla onlar dünya ictimaiyyətinə sübut etməyə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanin ərazi bütövlüyü çərçivəsində həll olarsa, guya Ermənistanda dövlət çevrilişi baş verə bilər. Buna da məlumdur ki, Rusiya və hətta Qərb də imkan verməz. Bütün bunlardan belə nəticə çıxarmaq lazımdır ki, Azərbaycan sülh danışıqlarına getsə də, hərbi yolla olan variantı daima ehtiyat variant kimi hazır vəziyyətdə saxlamalıdır və düşünürəm ki, belədir".



"Ermənistanın cinayətkar rəhbəri Serj Sərkisyan faktiki olaraq Qarabağla bağlı indiyə kimi gizli şəkildə, tülkücəsinə zaman-zaman üstüörtülü, bəzən açıq formada danışıqlar aparmaqla imitasiya edən mövqeyini artıq konkret olaraq bütün dünyaya bəyan etdi". Bu fikirlər isə hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur.

Əməkdaşımızla söhbəti zamanı o bildirdi ki, bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi təcili olaraq ATƏT-in Minsk Qrupundan bu məsələ ilə bağlı açıqlama və mövqe tələb etməlidir: "Yəni onlar İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıq ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra Sərkisyanın Qarabağla bağlı verdiyi açıqlama ilə bağlı sözlərinə aydınlıq gətirməlidirlər. Zatən, onsuz da biz bilirdik ki, ermənilər 1994-cü ildən bu yana, sadəcə, vaxt udmaqla bu prosesi bacardıqca uzatmaq istəyirdilər. İndi isə Sərkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edərkən "birtərəfli güzəştlərin olmayacağını" deyib. Bununla da, mən hesab edirəm ki, bundan sonra heç bir danışıq prosesinə vaxt sərf etməyə dəyməz. Elə Minsk Qrupu da üzüsulu fəaliyyətini dayandırsa, pis olmaz. Bir cani və ona havadarlıq edən qüvvələr, faktiki olaraq bütün dünyanı Qarabağ məsələsinin həlli ilə bağlı barmağına dolamış kimi davranır. Heç kimin də ona yerinin göstərməsinə cəhd etməsini biz görmürük. Ona görə də bu məsələnin yeganə çözümü Azərbaycan dövləti və onun Silahlı Qüvvələri olmalıdır. Başqa yol artıq qalmayıb. Mənasız danışıqlar və vaxt itkisi bizim ziyanımıza işləyə bilər".

***
Bu arada məlum olub ki, avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbəndyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü olacaq. Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am" saytına müsahibəsində deyib. "Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb", - deyə konqresmen bildirib. Hələlik rəsmi Bakı görüş faktını təsdiqləməyib. Mümkündür ki, nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün detallarını müzakirə etsin. Vyana və Sankt-Peterburq görüşünün ardınca dövlət başçılarının Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi deyilir. Lakin Sərkisyanın son bəyanatından sonra görüşün mənası qalmır.

Prezidentlərin Fransada gözlənilən növbəti görüşünü şərh edən politoloq Rasim Musabəyov deyib ki, Azərbaycanın əsas təkidi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mahiyyət üzrə danışıqlar getməlidir, hansısa kənar məsələlər barədə yox (axar.az). İrəvandakı son olaylara gəlincə, politoloqun sözlərinə görə, Sərkisyan hazırkı manevrləri ilə vaxt udmağa çalışır. "Məqsəd isə təbii ki, Dağlıq Qarabağla bağlı Fransada danışıqlar prosesinin növbəti mərhələsindən yayınmaqdır. Ancaq onun bu planı da baş tutmayacaq"-politoloq deyib.

Musavat.com