Bu toyuq əti və budlar xəstəlik yaradır - Dövlət qarşısında məsələ qaldırıldı

5 Avqust 2016 16:03 (UTC+04:00)

Bildirilir ki, supermarketlər şəbəkələri və mağazalarda satılan toyuq məhsullarının tərkibinə 30 faizdən çox su vurulur. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb. Qurum "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarının qida üçün yararlı olduğunu bildirib.

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən məsələylə bağlı AzNews.az-a açıqlama verərək bildirib ki, Dövlət Baytarlıq Xidməti əhalini narahat edən məsələyə baxmaq istəmir: "Xidmət Azad İstehsalçılar Birliyi və əhalini narahat edən məsələni yoxlamaq istəmir. Bu, əslində məsuliyyətdən qaçmaqdır. Gərək əmtəə bazarına insan orqanizmi üçün zərərli olan mal buraxılmasın. Toyuq məhsullarının tərkibində olan 30,2 faiz su adi su deyil, müəyyən qarışıqlar olan mayedir. Baytarlıq Xidməti məsuliyyəti üzərindən atıb. Əgər toyuq məhsulunda 30 faiz su varsa, o ət nə sağlamdır, nə də təmiz. Düşünürəm ki, dövlət orqanları bu məsələyə aydınlıq gətirməlidir".

E.Hüseynovun sözlərinə görə, tərkibində 30 faiz su olan "Katkut" və "Ular" adlı toyuq məhsulları ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırılıb: "Biz bu toyuqları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasına verdik. Əlimizdə rəsmi sənəd var. Həmin sənəddə qeyd olunur ki, bu toyuq məhsullarının tərkibində 4 faiz deyil, 30,2 faiz əlavə maye vurulub. Həmin suyun tərkibi isə hələ də öyrənilməyib".

Birlik sədri əlavə edib ki, tərkibində normadan artıq su olan ət məhsulları insanları mənşəyi məlum olmayan xəstəliklərə yoluxdura bilər.

Bahar RÜSTƏMLİ
AzNews.az