Tarixi mitinqdə rekord rəqəmlər - 5 milyon insan, pulsuz nəqliyyat... (Fotolar + Video)

8 Avqust 2016 10:30 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə qeyri-hökumət təşkilatı nümayəndələrinin eyni zamanda ayrı-ayrı bölgələrdə keçirilən "Demokratiya və Şəhidlər Mitinqi" bayram havasında baş tutub. İstanbul polis idarəsinə məxsus helikopterlə havadan aparılan yoxlamada hər kvadrat metrə düşən insan sayının analizi nəticəsində təxminən 5 milyon vətəndaşın mitinq üçün Yenikapıya gəldiyi məlum olub.



Bu rəqəmin Türkiyədə bugünə qədər keçirilən mitinqlərlə müqayisədə rekord rəqəm olduğu bildirilir.

Mitinq keçirilən əraziyə insanları 7 000 avtobus, 203 gəmi, 10 paraxod gətirib. Sözügedən nəqliyyat pulsuz xidmət göstərib. Əlil vətəndaşlar üçün 50 ədəd avtobus təsis edilib.




Mitinq sahəsinə 1 milyon watt gücündə səs sistemi qurulub. Bunun, bu günə qədər Türkiyədə qurulan ən böyük səs sistemi olduğu bildirilir. Sahəyə qurulan səs sistemi ilə 1,5 kilometr məsafəyə səs ötürülməsi təmin olunub. Mitinq sahəsindəki səs sistemini quraşdırmaq üçün 300 nəfərlik heyət 3 gün çalışıb. Səs sisteminin enerjisinin 54 generatorla təmin olunduğu və sahəyə 22 led ekranın qurulduğu qeyd edilir.

Mitinq sahəsində səs və görüntü paylaşmaları kranlar üzərinə çəkilən polad kanatlarla həyata keçirilib. Bu məqsədlə 6 min metr kəndir çəkilib. Görüntü ötürmə isə 5 min metr lif xətlə təmin olunub.



Aydan AXUNDOVA