Tanınmış hüquq müdafiəçisi ağır durumda - Yardıma ehtiyacı var

10 Avqust 2016 09:41 (UTC+04:00)

"Demokratiya Monitoru" təşkilatının rəhbəri Fuad Həsənovun sağlıq durumu ağırlaşıb. Hazırda hüquq müdafiəçisini xilas etmək üçün ictimai kampaniya başladılıb. Sivil Toplum Platforması (STP ) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan Fuad Həsənova yardım edilməsi üçün müraciət ünvanlayıb.

STP vətəndaşları, aidiyyəti dövlət qurumlarını və beynəlxalq təşkilatları hüquq müdafiəçisinin həyatını xilas etməyə çağırıb.

"Yeni Müsavat" Fuad Həsənovun durumu ilə bağlı həyat yoldaşı Leyla xanımla əlaqə saxlayıb. O bildirib ki, hazıra F. Həsənov reanimasiyadadır və vəziyyətində heç bir irəliləyiş yoxdur: "Vəziyyəti ağırdır. Problem beynindədir. Lakin xəstəliyin nə olması ilə bağlı hələ ki dəqiq diaqnoz qoya bilməyiblər. Xaricdən mütəxəssislər gəlib, gözləyirik. Hazırda huşu özündə deyil".

Qeyd edək ki, Fuad Həsənov hüquq müdafiəçisidir, "Demokratiya Monitoru" təşkilatının rəhbəridir. 1977-ci il təvəllüdlü F. Həsənov evlidir, bir körpə uşağı var.

Hüquq müdafiəçisinə yardım məqsədilə onun həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankında hesab da açılıb.

Hesab nömrələrini təqdim edirik:

AZ63IBAZ33801019449278105216 (AZN);
AZ84IBAZ33811018409278105216 (USD);
AZ64IBAZ33811019789278105216 (EURO);

STP-nin verdiyi məlumata görə, hazırda hesaba hüquq müdafiəçisinə yardım məqsədilə vəsaitlər də daxil olur və yardım kampaniyası fərdi və təşkilati qaydada davam edir. Ancaq toplanmış vəsait hüquq müdafiəçisinin xilası üçün yetərli deyil.

F.Həsənovun həkimlərinin bildirdiyinə görə, sağalması üçün hüquq müdafiəçisinin ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var. Lakin təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etmək üçün yetərli deyil. F.Həsənovun xaricdə müalicəsinin yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsi ilə ola bilər.

Xatırladaq ki, F.Həsənov səhhətində yaranan problemdən sonra 2016-cı il iyunun 27-də əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti daha da pisləşib, başında kəskin ağırlar yaranıb. Bir gün sonra ikinci dəfə əməliyyat olunub. O, Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.

Musavat.com