6 idmançımız üçün medal şansı - Yarışlar başlayır

10 Avqust 2016 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Cüdo

Məmmədəli Mehdiyev (90 kq) yarışa 1/16 final mərhələsindən start verəcək. Avropa Kubokunun qalibi olan idmançımızın rəqibi rusiyalı Kiril Denisov olacaq. Görüş saat 17:55-də başlayacaq. Həmyerlimiz bu mərhələni keçəcəyi halda 1/8 finalda Zak Piontek (CAR)/Tyaqo Kamilo (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

Üzgüçülük

100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışacaq. Təsnifat mərhələsində çıxış edəcək 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparacaq.
Xanım atletimizin yarışı saat 20:15-də start götürəcək.

200 metr məsafəyə arxasıüstə üzmədə isə Boris Kirilov öz gücünü sınayacaq. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayacaq. Yarış saat 20:40-da başlayacaq.

Həm xanımlarda, həm kişilərdə bu mübarizədə də ən yaxşı 16 üzgüçü yarımfinalda çıxış etməyə haqq qazanacaq.

Kanoe Slalom

Yuri Meqliç yarımfinal mərhələsində gücünü sınayacaq. 1 nəfərlik kayak qayığı (K-1) ilə mübarizə aparan idmançımız 15 atlet arasında ilk 10-luqda yer alaraq final mərhələsinə yüksəlməyi hədəfləyir. Yarımfinal görüşləri saat 20:30-da start götürəcək.

Boks

Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxacaq. Boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla gücünü yoxlayacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Boksçumuz qələbə qazanacağı halda, özü üçün ən azı bürünc medalı təmin edəcək.

İdman gimnastikası

Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnasitikası yarışlarında kişilər arasında çoxnövçülük üzrə final mübarizəsində Oleq Stepko da medallar uğrunda yarışacaq. Həlledici mərhələyə 24 idmançı qatılacaq. Avropa Oyunlarının 5 qat mükafatçısı Bakı vaxtı ilə saat 23:00-dan mübarizəyə qoşulacaq.

Aygün İLQARQIZI