Vergi islahatları bizə nə vəd edir? – Prezident sərəncamının hədəfləri

10 Avqust 2016 12:21 (UTC+04:00)

AzNews.az bu suallarla cavab tapmaq üçün iqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət edib. Onun sözlərinə görə, sərəncamla 21 istiqamətdə aparılacaq islahatlar üç ay müddətində başa çatdırmalıdır. Bu islahatların 11-i beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur: "Vergilər Nazirliyinin rəhbərliyi ölkə başçısının imzaladığı bu sərəncamla nəzərdə tutulan tədbirlərin icrasına maraqlı bir yanaşım edib. Aparılacaq islahatların səmərəliliyini maksimum təmin etmək, qəbul ediləcək qərarların düzgünlüyünə tam əmin olmaq məqsədilə Nazirliyin rəhbərliyinin təşəbbüsü ilə dünən – avqust ayının 9-da vətəndaş cəmiyyətini təmsil edən bir qrup iqtisadçılar Vergilər Nazirliyinə dəvət olunaraq, aparılacaq islahatlarla bağlı dəyirmi masa arxasında ətraflı müzakirələr təşkil edildi. Bu addım Vergilər Nazirliyinin sərgilədiyi çox yaxşı bir nümunədir. Ölkə başçısının vergi xidmətlərinin sayının və keyfiyyətinin artırılmasını, sahibkar və vergi məmuru arasındakı münasibətlərin mümkün qədər elektron formatının tətbiqini, iş adamlarının tək vergilərlə bağlı deyil, başqa hesabatlarla bağlı vaxtına maksimum qənaət edilməsini nəzərdə tutan bu islahatlar, ölkədə real sektorun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir".



İqtisadçı hesab edir ki, vergi sistemindəki bu islahatlar hökumətin sahibkarlığın inkişafı üçün atılan ardıcıl addımların tərkib hissəsidir: "Hökumət post-neft dövründə qeyri-neft sektorunun sürətli inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Keçən ilin sonlarından başlayan və getdikcə dərinləşən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasını hədəfləyib. Bu gün aparılan vergi islahatları da məhz haqqında bəhs etdiyimiz hədəflərə çatılmaq yolunda atılan addımların davamıdır.

Bütün dünyanı bürümüş, bizim də ölkəmizdən yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində Vergilər Nazirliyinin cari ilin ötən dövrü ərzində büdcə gəlirləri üzrə proqnozlara artıqlamasılə əməl edə bilməsi, Nazirliyin rəhbərliyinin böyük təşkilatçılığı və onun əməkdaşlarının yüksək peşəkarlığının nəticəsində mümkün ola bildi. Ölkə iqtisadiyyatında azalmaların baş verdiyi bir konteksdə bütün rezervləri bir araya gətirmək və büdcənin gəlir proqnozlarını artıqlamasıilə yerinə yetirmək yalnız fədakar əməyin nəticəsində mümkün ola bilərdi. Ola bilsin ki, kənardan kimlərsə bu iş asan görünsün. Ancaq peşəkar olanlar bunun nə olduğunu çox yaxşı bilirlər. Əgər ölkə iqtisadiyyatında ümumi iqtisadi azalmalar fonunda Vergilər Nazirliyi büdcə gəlirlərini tam yığa bilməsəydi, yəqin ki, onu buna görə heç kim qınamazdı. Lakin bu qurumun rəhbərliyi yaranmış çətinliklərə baxmayaraq, vəziyyəti düzgün dəyərləndirərək, bütün imkanları bir araya gətirib, bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Bu isə o deməkdir ki, böhranlı bir duruma baxmayaraq, biz ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin və başqa müdafiə olunan xərclərin, ordumuzun bütün ehtiyaclarının vaxtında və tam həcmdə ödənilməsini təmin edilə bildik".

Fikrət Yusifov əlavə edib ki, ölkədə aparılan sürətli iqtisadi islahatlar, vergi sistemində Prezidentin bu ilin avqust ayının 4-də imzaladığı sərəncamla nəzərdə tutulan yeniliklər, yaxın dövrdə həm iqtisadi yüksəlişin və həm də vergi daxilolmalarının kifayət qədər artacağına yaxşı bir əminlik yaradır.

Azər
AzNews.az