“Beynəlxalq təşkilatlar bu işlə maraqlanır” - Mirşahindən ANS açıqlaması

10 Avqust 2016 13:46 (UTC+04:00)

AzNews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: "Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq.

Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. Biz dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik.

Yaranmış anlaşılmazlıq, 25 illik tarixi olan kanalın fəaliyyətinin dayandırılması pozitiv deyil. Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var. Biz inanırıq ki, qanunlarla ədalət bərpa olunacaq. Buna inanmasaq bu gün burda olmazdıq. Azərbaycanın müstəqillik yaşı ilə həmyaşıdıq".