Prokurorluq təkzib etdi - Sabiq müstəntiq həbs edilməyib

11 Avqust 2016 14:17 (UTC+04:00)

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V. Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

"Bakı Hərbi Məhkəməsindən verilmiş məlumata əsasən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs Kazım Əsgərovun hüquqlarının təmsil olunması üçün vəkil Adəm Məmmədov qanunla müəyyən edilmiş qaydada rəsmi sənədləri məhkəməyə təqdim etmədiyindən məhkəmə tərəfindən işə buraxılması üçün müvafiq qərar qəbul edilməyib, eləcə də həmin iş üzrə V. Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməyib. Buna baxmayaraq, vəkil A. Məmmədov prokurorluq orqanlarının gördüyü müsbət işlərə qəsdən kölgə salmaq məqsədilə məhkəmə baxışı başlamadığı halda KİV-ə əsassız və qeyri-dəqiq məlumatlar verib", - deyə məlumatda qeyd olunur.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə cinayətkarlığa qarşı mübarizə və qanun pozuntularının qarşısının alınması sahəsində davamlı olaraq səmərəli fəaliyyət göstərən, cinayət işləri üzrə istintaqın tam, obyektiv və qərəzsiz aparılmasını, eləcə də insan hüquq və azadlıqlarının qorunmasını təmin edən Respublika Hərbi Prokurorluğu vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq fəaliyyətində qanun pozuntularına yol vermiş hər bir əməkdaş barəsində ən ciddi tədbirlər görülməsini təqdir etməklə yanaşı, məhz prokurorluğun rəhbərliyinin prinsipial mövqeyi nəticəsində ayrı-ayrı əməkdaşların fəaliyyətində aşkar edilmiş qanun pozuntuları və digər hüquqazidd hərəkətlərin bütövlükdə Hərbi Prokurorluğun müsbət fəaliyyətinə şübhə salmaq və əsassız olaraq qeyri obyektivlikdə və qərəzlilikdə ittiham etmək məqsədilə istifadə edilməsinin yolverilməz olduğunu bildirir.

APA.az