FETÖ dəyirmanına “su tökən” zavallılar...

12 Avqust 2016 12:01 (UTC+04:00)


Bəlkə də çoxunuz bilirsiniz ki, Ərciyəz universitetinin rektoru olmuş dəyərli həmyerlimiz Aygün Attar xanıma qarşı Türkiyədəki bəzi dairələr tərəfindən çirkin kampaniya başladılıb. Fəaliyyətinin çox hissəsini Fətullahın tör-töküntülərini təmizləməyə həsr etmiş aydınımız FETÖ-çuluqda ittiham olunur. Əminəm ki, çoxumuz Aygün xanıma atılan bu çamurun ona yapışmayacağını gözəl bilirik və ona da əminik ki, Türkiyə dövləti tərəfindən bu ittihamın həqiqəti əks etdirmədiyi müəyyən ediləcək.
Moderator.az saytında bu məsələyə biganə yanaşa bilmədik. Aygün xanımın gerçək fəaliyyətini əks etdirən, ona qarşı oynanılan bu çirkin oyunları ifşa edən yazılar tirajladıq.

Bu məsələ ilə bağlı yazılarımızı əlbəttə ki, haqq-ədalət öz yerini tapana kimi davam etdirmək niyyətindəyik. Ancaq saytlarda rastlaşdığımız bir xəbər bizi məhz bu gün bu yazını yazdırmağa vadar etdi. Artıq dünəndən başlayaraq bir neçə saytda Azərbaycan adını, ay ulduzlu üç rəngli bayrağını Türkiyədə qürurla daşıyan daha bir həmvətənimizə qarşı qara piar başladılıb. Bu günlərdə Türkiyədəki "Demokratiya və şəhidlər" mitinqində, eləcə də demokrasi növbətlərində iştirakı ilə bağlı xəbərlər verdiyimiz xalq artisti Azərin Fətullah Gülənin sözlərinə yazılmış mahnını oxumaqda ittiham edilir.

Azərin xanımın demokrasi nöbətlərində iştirakı ilə bağlı hazırladığımız yazıdakı şəkillərdən, video görüntülərdən aydın görünürdü ki, xalq artistimiz Türk xalqı ilə bərabər meydanlarda sabahlayıb. Şəhər-şəhər gəzərək meydanlardakı geniş kütlənin qarşısında konsertlər verib. Türkiyə mətbuatı hələ də həmin möhtəşəm konsertlərindən yazır, Azərinin şəkillərini Türkiyənin məşhur sənətçilərinin şəkilləri ilə yanaşı paylaşıb ona dərdlərinə şərik olduğuna görə təşəkkür edirlər. Ancaq nədənsə indi qara piar aparan öz saytlarımız Azərin xanımın bu gözəl təşəbbüsünü işıqlandırmadılar. İndi "Azərbaycanın xalq artisti Fətullah Gülənin mahnısını oxuyub" sərlövhəli xəbərləri görəndə, adamın həm gülməyi gəlir, həm də ağlamağı.



Gülməyi ona görə gəlir ki, ilk öncə xəbəri ilk yazan saytda yazı müəllifi qeyd olunmayıb. Bununla da aydın görünür ki, burada saytın xüsusi bir "marağı" var. Ya IP topalamaq, ya da kimlərinsə "sifarişi" ilə Azərin xanımı "vurmağa" çalışıblar. İkincisi, yazıda Azərin xanımın o mahnını harada və nə zaman oxuduğu barəsində heç bir məlumat yoxdur. Halbuki günümüzdəki texnologiyanın imkanlarından istifadə etməklə iki dəqiqə ərzində ətraflı məlumat əldə etmək olardı. Və ya hər zaman mətbuata açıq olan Azərin xanımın özündən bu barədə məlumat almaq olardı. (Yazıda müğənninin mövqeyi verilmədiyinə görə, Azərin xanımla danışmadıqlarına əminik). Təəsüflər olsun ki, xəbər açıq şəkildə qərəzli olduğundan jurnalistikanın bu qaydalarına əməl olunmayıb.

Məlumat üçün qeyd edək ki, həmin ifa 2012-ci ilin dekabr ayında Samanyolu TV-nin quruluşunun 20-ci ildönümünə həsr edilmiş İstanbul Konqres Mərkəzində təşkil edilən xüsusi bir mərasimdə ifa olunub. Azərin xanım isə o gecədə iştirak edən tək ifaçı olmayıb, Türkiyənin Orxan Gəncəbay, Sami Savni Özər, Ertoğrul Erkişi, Burak Kut, Mustafa Demirci, Muazzez Ersoy, Tillo qurupu kimi məşhur dövlət sənətçiləri ilə eyni səhnəni paylaşıb. Fəthullah Gülənin şeirlərinə bəstələnən mahnıların səsləndirildiyi "Ölümün arxasındakı həyat" adlı həmin konsertdə sənətçilərlə yanaşı siyasət, idman, sənət və iş dünyasının əhəmiyyətli şəxsləri iştirak edib. Həmin gecədə Türkiyənin indiki baş naziri, o zaman isə Nəqliyyat, rabitə və dənizçilik naziri Binali Yıldırım, Avropa Birliyi naziri və Başmüzakirəçi Egemen Bağış, Gənclik və İdman naziri Suat Kılıç, İstanbul valisi Hüseyn Avni Mutlu, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Kadir Topbaş, AKP ümumi başçı köməkçisi Süleyman Soylu və s. tanınmış şəxslər qonaq olublar. Qonaqlar çıxış edərək öz təbriklərini çatdırıblar və hər birinin də son sözü "daha nə qədər 20 illərə, daha gözəl böyük təşkilatlara çatmaq diləyiylə" arzusu olub. Yəni o vaxt Fətullah Gülən terrorçu elan olunmamışdı, əksinə dövləti üçün əhəmiyyətli bir insan hesab edilirdi. Ölkəsinə, dövlətinə üz çevirib, dövlət çevrilişinə cəhd edənə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Gülənlə münasibətləri normal idi. Bunu təsdiq edən fotoları yəqin ki, çoxlarınız görmüsünüz. Görməyənlər üçün də bir daha təqdim edirik:




Bu qədər faktın nəzərə alınmamasından aydın görünür ki, xəbərlər sırf "qara piar" xarakterlidir. Bəlkə də Azərin xanımın dövlət çevrilişi cəhdindən sonra da Türkiyə dövlətinin, millətinin yanında olması, sərgilədiyi dəstək kimlərisə qıcıqlandırıb. Necə ki, ölkəmizin və ölkə başçımızın Türkiyə dövlətinin yanında olması bəzi "üzdəniraqları" qıcıqlandırır.

Adamın bu xəbərləri oxuyanda ağlamağı da ona görə gəlir ki, bizim millətə düşmən lazım deyil. Özümüz özümüzə elə düşmən kəsilmişik ki, fələk də bizdən baş aça bilmir. Sapı özümüzdən olan baltalar bir ucdan tutub ağıza-bozuna baxmadan baltalayaraq gedirlər. Ancaq unutmurlar ki, düşmənin vurduğu qılınc yarası sağalır, dostun söz yarası isə heç vaxt sağalmır. Bu cür xəbərləri yayanlar da nə zamansa Azərin xanıma dost münasibətdə görünməyə çalışan şəxslərdir. Azərin xanım onun haqqına girənləri bağışlasa da, unutsa da zaman və cəmiyyət onları heç vaxt unutmayacaq. Azərinə və ya başqa birisinə atdıqları çamur qayıdıb öz alınlarına yapışacaq. Və kim olurlarsa olsunlar, harada çalışırlarsa çalışsınlar bu qara iz onları hər zaman təqib edəcək. Çünki belələri mənəviyyata yox, maddiyyata xidmət edən insanlardır. Düzdür, bu gün yaşamaq üçün maddiyyat da gərəkdir, ancaq maddiyyat o zaman şərəfli olur ki, mənəviyyata xidmət eləmiş olsun.

Onu da qeyd edək ki, bu xəbərlərdən sonra Azərin xanıma zəng vurub hər hansı münasibət öyrənmək istəmədik. Çünki artıq gec idi, xəbərlər yayılmışdı və əlimizdə də elə bir "şad" xəbər yox idi ki, Azərbaycan adını adıyla bərabər daşıyan və şərəflə təmsil edən dəyərli sənətçimizi "muştuluqlayaq". Allah üzlərini qaraltmışların sayəsində ümumüz "qara" idi yanında. Əmin idik ki, bizdən daha çox üzülər bunu eşidəndə. Çünki dəyərli bir milliyyətçinin adının yanında millətinə qarşı çıxmış xainin adı çəkilirdi. Ancaq onu da ümid edirik ki, Azərin xanım bu xəbərləri oxuyanda özünə məxsus təmkinlə qarşılayacaq və sadəcə gülüb keçəcək. Çünki onu Azərbaycan dövləti və milləti yaxşı tanıyır və dövlət bu yaşında gördüyü işləri dəyərləndirib, layiq olduğu qiyməti verib. Eləcə də Türkiyə dövləti və milləti də onu yaxşı tanıyır, bəlkə də bizdən çox sevir!



Son olaraq bəzilər üçün vurğulayaq ki, bu tip yazılarla məqsədimiz nə kimlərəsə yaltaqlanmaq, nə də məddahlıq etməkdir. Hər zamankı kimi bizim bir məqsədimiz var, dəyərli soydaşlarımıza, aydınlarımıza dəstək olmaq, bir an öncə gerçəyin ortaya çıxmasına az da olmuş olsa belə yardım etmək. Necə ki, dəyərli həmvətənlərimiz Türkiyədə fəaliyyət göstərdiyi ilk vaxtlardan indiyədək neçə-neçə həmvətənimizə dəstək olublar. Necə ki, söz aldıqları kürsülərdə, səhnələrdə Azərbaycanın sağalmaz yarası olan Qarabağ gerçəklərini dünyaya çatdırıblar. Milyonlarca izləyici kütləsi olan TRT-də Qarabağ, Xocalı deyərək haray çəkiblər, torpaqlarımızın işğal olunduqları günlərə proqramlar həsr ediblər, efirlərdə Azərbaycan bayrağını Türkiyə bayrağı ilə yanaşı dalğalandırıblar. Bir məqamı da açıqlayaq ki, nə biz bu xanımları şəxsən tanıyırıq, nə də onlar bizi. Heç virtual dostluğumuz belə yoxdur. Bizi bu işə sövq edən dostluqdan, tanışlıqdan da ötə hisslərdi. Sanki bu yazılarımız bir şükranlıq borcudur onlara, ona görə ki, bu xanımlar Türkiyədə Azərbaycan adının ləyaqətli təmsilçiləridir.

P.S. Əgər Azərin xanımı reklam etmək istəyirsinizsə, onun ölkəmiz üçün gördüyü işlərdən, verdiyi konsertlərdən xəbər verin. Azərin xanım ən azı hər ay cəbhə bölgəsində əsgərlərimiz üçün konsertlər verir. Yazırsınızsa, əvvəlcə bunları yazın.