Moskvada öldürülənlər azərbaycanlı deyilmiş - Yenilənib

12 Avqust 2016 17:50 (UTC+04:00)

Öldürülənlər 69 yaşlı erməni Lev Kamalyan və 39 yaşlı qırğız Nurik Mumduzovdur. Onlar "Ryanzanaskiy prospekt" metrosunun yaxınlığında slavyan görkəmli şəxslər tərəfindən bıçaqlanıblar.

Bu vaxt onlara köməyə gələn 29 yaşlı Aleksandr cinayəti törədən şəxsləri qovalamağa başlayıb. Onlara çatan Aleksandr da çiynindən yaralanıb.

Lent.az

***
16:46
Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb.

Hadisə paytaxtın "Ryanzanskiy prospekt" metrosunun yaxınlığında baş verib.

Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib. Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İdarəsində Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən bir, iki və daha çox şəxsi öldürmə) və 112-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən APA-ya verilən məlumata görə, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. İdarədən qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduqları bildirilib. Qətlin milli zəmində törədildiyi istisna edilmir. Regionlararası Moskva Polisinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının sədri Mixail Paşkin qətlin milli zəmində törədildiyini bildirib. O, slavyan mənşəli şəxsin ticarətlə məşğul olan azərbaycanlılara hücum etdiyini söyləyib.

Rusiya paytaxtında iki azərbaycanlını qətlə yetirməkdə, birini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmyerlilərimizin qətlində şübhəli bilinən şəxsi yaxalamağa müvəffəq olublar.

Qətlin bütün versiyaları nəzərdən keçirilir.

APA.az