Xəstəxanadan qızıl diş oğurluğuyla bağlı açıqlama: “Yanında qohumları qalırdı”

13 Avqust 2016 11:45 (UTC+04:00)

Baş həkimin müavini Elçin Quliyev AzNews.az-a açıqlamasında xəstəxanada komada olan xəstələrin yanında onların yaxın qohumlarının və tibb bacılarının qaldığını bildirib: "Buna necə inanmaq olar? Belə bir hadisə olsa xəstənin yaxınları bu xəstəxanada böyük hay-küy qoparardılar. Hətta onlar xəstəxananın rəhbərliyindən də yuxarılara çıxardı. Xəstənin yaxını heç bir söz demədən gedir və 10-15 gündən sonra ağızlarına gələni danışır. Bu xəstəxanaya kifayət qədər komada olan xəstə gətirilir. Onların əksəriyyətinin ağzında qızıl dişi olur. Necə ola bilər, xəstənin qızıl dişinə kim tamah salar".

E.Quliyev onu da əlavə etdi ki, bu məlumatı şəxsən özü araşdırcaq.

Qeyd edək ki, Sumqayıt şəhərində insult keçirən Suraxanı rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qasımov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyətində olub. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları dərhal onu Bakıya Mərkəzi Klinik Xəstəxanaya köçürüblər. MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı Qəmər Qasımova xəstənin yanına buraxılıb. Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri oğurlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az