Azərbaycan taekvondoçuları Rioda - Fotolar

13 Avqust 2016 13:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) dünən, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park isə bir gün əvvəl Braziliyaya yola düşüblər.

Taekvondoçuları Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və idman həvəskarları yola salıblar.

Federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə bildirib ki, "Rio-2016" Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısı təcrübəlidir və onlardan uğurlu nəticə gözlənilir: "İdmançılarımız çox yüksək səviyyədə hazırlaşıblar. İnanırıq ki, onlar Azərbaycanı layiqincə təmsil edib, Vətənə medallarla qayıdacaqlar".

Qeyd edək ki, Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

Aygün İlqarqızı