Cüdoçularımız qayıtdılar

14 Avqust 2016 21:44 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.

Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri və çələnglər təqdim olunub.

XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur.

Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edir.

XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.