ABŞ-da “Jiquli” gəzintisi: Həyətlərdəki marallar, amerikalının oxuduğu “Sarı gəlin”...

15 Avqust 2016 10:59 (UTC+04:00)


Tanınmış sənətkar səfərlə bağlı təəssüratlarını, orada gördüklərini, qarşılaşdığı azərbaycanlılarla bağlı bilgilərini qələmə alıb, AzNew.az-ın redaksiyasına göndərib.

"ABŞ səfəri haqqında təəssüratlarım" adlı həmin yazını olduğu kimi təqdim edirk:


Son dəfə Amerika qitəsində 1990-cı ildə Meksikanın paytaxtı Mexikoda keçirilən möhtəşəm festivalda iştirak etmiş, ölkəmizi instrumental musiqiçi kimi təmsil etmişəm. Xatırladım ki, hələ gənc yaşlarımdan etibarən dünyanın bir sıra ölkələrində (İsveç, Almaniya, Misir, İngiltərə, İraq, İtaliya, Hollandiya, Yunanıstan, Belçika, Kuba, İsrail, Şimali İrlandiya, Yaponiya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, keçmiş sovet respublikalarında və s.) xalqımızın tanınmış incəsənət nümayəndələri ilə birgə belə səfərlərdə olmuşam. Sovet dövründə xarici ölkələrə səfərlərə əsasən, Moskvadan yollanırdıq. Bakıdan Moskvaya, oradan da müvafiq ölkəyə uçuş zamanı böyük vaxt itkisinə yol verilirdi. Meksikaya Moskvadan 21 saata yetişdik. İndi isə Bakıdan Nyu-Yorka 12 saat vaxt sərf eləyirik. Bunları xatırlatmaqda məqsəd müstəqilliyin bəhrəsini diqqətə çatdırmaqdır. İstər-istəməz xəyalımda sovet dövründəki səfərlər canlanır və müasir dövrlə müqayisə edirəm. Alınan nəticədən bir Azərbaycan vətəndaşı, oğuz-türk kimi böyük qürur hissi keçirirəm. Müstəqillikdən əvvəlki illərdə nəinki xaricdə, heç SSRİ daxilində də Azərbaycan xalqını düz-əməlli tanımırdılar. İndi isə şair demişkən, "mənim də imzam var imzalar içində". Sovet dövründə səfərə getməzdən öncə bizə təlimat verirdilər ki, xaricdə gördüklərinizi (insanların həyat tərzi, yaşayış səviyyəsi, qayda-qanunlara riayət edilməsi, rüşvətin olmaması və s.) kimsəyə söyləmək olmaz. Orada da Sovetlər Birliyinin eybəcərliklərindən söz açmaq olmaz. Belə bir məqam baş verərsə və bu, "KQB" işçiləri tərəfindən aşkarlanarsa, həmin şəxsin adı arzu olunmayan adam kimi onların "qara siyahı"sına düşürdü. Həmin şəxs bir daha xarici ölkəyə buraxılmazdı. Nə isə, deyəsən, bir az mətləbdən uzaqlaşdım. Hər halda gənc nəsil bunları bilməli, müstəqilliyimizi hər an göz bəbəyi kimi qorumalıdır...

2016-cı il, iyulun 16-sı ABŞ-a, Nyu-York şəhərinə dostların (müğənni Novruz Məmmədov və professor Şahlar Daneşgərin) dəvəti ilə yaradıcı səfərə yollandım. Aeroportda məni oğlum Cəfərin dostu, Nyu-Yorkda yaşayan Pərviz Massimo qarşıladı.
Baxmayaraq ki, oteldə mənə yer ayrılmışdı, Pərviz inadkarcasına öz evinə apardı. Səbəbi də bu oldu ki, "otel bizim evdən çox uzaqdır, mən səhərdən axşama kimi maşınımla sənin qulluğunda olmalıyam". Əslən Şəkidən olan Pərviz bəy yarızarafat, yarıgerçək bir kompliment də atdı: "Abbasqulu əmi, zarafat deyil, sən doğulduğum rayona "Şəki" adlı mahnı bəstələmisən. Bunun haqqını biz heç nə ilə ödəyə bilmərik. Bir də ki, Cəfərlə biz axı, ayrılmaz dostlarıq".

Həqiqətən Pərviz orada qaldığım müddətdə bir an da olsun məni tək buraxmırdı. İki maşını var. Bəzən məzələnmək üçün ABŞ-da yeganə olan 05 markalı "Jiquli" ilə şəhərə gəzməyə çıxırdıq. Bu maşına görə yollara nəzarət edən polis işçiləri əksəriyyəti onun dostudur. Bəzən maşını ondan bir neçə saatlığa alıb sürürdülər.

Mənim Nyu-Yorka gəlməkdə bir məqsədim də gənclik illərində tanış olduğum dostum, Özbəkistanın əməkdar artisti, şair, bəstəkar və müğənni İlyas Malayevin məzarını ziyarət etmək idi. Onun oğlu Rac ölkədə tanınmış gitaraçı və hind aləti sitar (burada tənburun bir növü olan setarla qarışdırmamalı) ifaçısıdır. Ümumiyyətlə, Malayevlər tanınmış musiqiçilər ailəsidir. İlyasın həyat yoldaşı, Özbəkistanın xalq artisti Məhəbbət Şamayeva bu gün də gənclik şövqü ilə oxuyur. Ailənin böyük qızı Nərgiz Malayeva estrada ulduzlarından sayılır.

Nəhayət, ailə üzvləri ilə birgə İlyas Malayevin qəbrini ziyarət etdik. İ.Malayevin məzarı üzərində özünün kövrək bir şeiri yazılıb.

Bu gözəl insanın məzarı başında onun yaradıcılığından, bəstələdiyi mahnılardan, Azərbaycan xalqını sevməyindən, özbək və Azərbaycan xalqlarına şeir həsr etməyindən, özünə müğənnilik sahəsində Rəşid Behbudovu ustad saymasından ağızdolusu danışdıq. Onun mənim toyumda ifası (1984), oğlum Cəfərin kiçik toy mərasimindəki iştirakı (1992), Azərbaycan Dövlət Filarmoniyasındakı konserti, Xalq artisti Elmira Rəhimova ilə birgə hind bədii filmi "Bacu-Bavra"dan bir mahnını duet şəklində oxuması (1992) yada salındı. Bütün bu ifaların video görüntüsü şəxsi arxivimdə qorunur. Bu sənətkarın yaradıcılığından bəhs edən "Özbək sənətkarı İlyas Malayev barədə xatirələrim" adlı məqaləm iki – Azərbaycan və özbək dillərində "Konservatoriya" jurnalında çap olunub (A.Nəcəfzadə. Özbək sənətkarı İlyas Malayev barədə xatirələrim. // "Konservatoriya"№2, 2016, s. 98-104; A.Najafzadeh. My Reminiscences abont Ilyas Malayev, the Uzbek Artisan. //
"Konservatuar" №2, 2016, p. 105-111). Bu jurnalın bir nüsxəsini, eləcə də "Behbud" şirkəti tərəfindən ingilis dilində nəfis şəkildə hazırlanmış "İlyas Malayevin Bakıdakı ifaları" ("Ilyas Malayev’s performances in Baku") adlı video-diski Malayevlər ailəsinə hədiyyə etdim. Məxsusi şəkildə Amerika səfəri üçün tərtib edilmiş "Azərbaycan" adlı audio-diskim isə həm Malayevlərə, həm də amerikalı digər dostlara müəllif sovqatım oldu. Diskə həm Azərbaycan xalq mahnıları, həm İlyas Malayevin bəstəsi, həm də müəllifi olduğum bir sıra melodiyalar daxil edilib. Bu musiqiləri müxtəlif milli çalğı alətləri ilə – kamança, ud, saz, ney, tütək, zurna, balaban, eləcə də Avropa alətləri olan klarnet və skripkada ifa etmişəm.

Sonra söhbətimiz süfrə arxasında aparıldı. Rac ilə birgə İlyas Malayevin bəstələdiyi mahnıları ifa etməklə böyük sənətkarı yada saldıq. İnanıram ki, bu yolla İlyas Malayevin ruhunu şad etmiş olduq.

Nyu-Yorkda olduğum 2 gün ərzində bir çox azərbaycanlı dostlar qonaq dəvət edirdilər. Lakin vaxtın azlığından dəvətləri qəbul edə bilmirdim. Təkcə iyulun 17-si Pərvizin qonşusu, əslən bakılı Hacı Rasimin qonağı oldum. Şirin Bakı ləhcəsində danışan Hacı Rasim nəvələrini də evdə doğma dilimizdə dindirir. Bu ailədə olarkən özümü sanki Bakıda hiss etdim, yəni burada əsl Azərbaycan ab-havasını duydum.

İyulun 18-i təyyarə ilə İndianapolis şəhərinə yollandım. Hava limanında məni İdiana Univresitetinin professoru Şahyar Danişgər qarşıladı. Onun yaşadığı Bluqminton şəhərinə yola düşdük. Şahyar müəllimin evi şəhərin lap mərkəzindədir. Mənə ayırdığı hər cür şəraiti olan mənzilin açarını verib dedi: Mən qonaqlarımı oteldə saxlamıram. Bu cür şərait heç bir oteldə ola bilməz. "Bir ora bax" deyib, həyətdə o tərəf, bu tərəfə qaçan maralları göstərdi.

Çox heyrətləndim, burada nəinki marallar, müxtəlif çöl quşları, dələlər, çöl dovşanları atılıb-düşürlər. İndiana şəhərində hər kəsin həyətində bu mənzərə ilə rastlaşmaq mümkündür. Məsələn, gözəl ziyalı Teymur Hacıyev bir neçə dəfə bizi evinə dəvət edərkən onun da bağçasında həmin meşə heyvanları sərbəst gəzi-şirdilər. Öz-özümə sual verdim: Bizim meşələrdə də bu heyvanlar yaşayır, niyə evlərə yaxınlaşmırlar? Cavabı bəllidir, heyvanlarda güclü instinkt olur. Biz tərəflərdə zamanı gəldi-gəlmədi həmin heyvanları güllə ovlayırlar. Ona görə bu heyvanlar meşədən kənara çıxmırlar. Hətta, yaşayış məntəqəsinə, kəndə, qəsəbəyə gəlmək istəsə belə, həmin heyvan 3-4 metrlik hündür hasardan necə həyətə daxil olsun? Buradakı məhlələrin heç birində bizdə olduğu kimi belə hündür hasara rast gəlməzsən. Çoxu həyətini heç çəpərə də almayıb. Bu səbəbdən yırtıcı heyvanlar istisna olmaqla buradakı heyvanlar həyətlərə yaxınlaşırlar...

İyulun 19-u İndiana Universitetinin Qlobal və Beynəlxalq Araşdırmalar Auditoriumunda professor, müəllim və tələbə heyəti ilə görüşüm oldu. Burada "Azərbaycan musiqisi İpək yolu ölkələri arasında" mövzusunda məruzə etdim. Çıxışdan sonra tədbir iştirakçılarının çoxsaylı sualarını cavablandırdım. Öncədən deyim ki, cavablarım sual verənləri birmənalı şəkildə qane edirdi. Suallardan bəlli olurdu ki, onlar həm bəzi əsərlərimlə tanış olmuş, həm də ifalarımı dinləmişlər.

İyulun 23-ü və 24-də olacaq "İpək yolu" (1996-cı ildən fəaliyyət göstərir) ansamblının konsertlərinə gərgin hazırlaşırdıq. Hər gün axşam ansamblın müxtəlif xalqların nümayəndələrindən ibarət olan 5 nəfərlik heyəti ilə məşq edirdik.

İyulun 22-i nahardan sonra Şahyar bəyin maşını ilə Ohayo ştatının Kolumbus şəhərinə yollandıq. Bizi şəhərin girişində əslən Təbrizli tanınmış incəsənət xadimi, rəssam, memar, arxitektor Cahangir Pirasteh və xanımı Anna Pirasteh qarşıladı. "İstanbul" restoranında şam etdikdən sonra, oteldə yerləşib, konsert salonunda məşq etməli idik. Lakin bəlli oldu ki, gecikdiyimizdən salon bağlanıb, işçilər getmişlər. Cahangir Pirasteh sevincək dedi: bizim evimiz genişdir, hətta royalımız da var. Şahyar müəllim əvvəl etiraz etdi, sonra Cahangir bəyin pərt olduğunu görüb, məcburən razılaşdı. Biz onunla oteldə bir otaqda qalırdıq. Şahyar bəyə dedim ki, Cahangir bəygildə məşq edəcəkdiksə, əvvəldən gərək razılaşaydın. Axı bizdən incidi.

Şahyar bəy işinin peşəkarı kimi cavab verdi: Abbasqulu müəllim, mən istəmirəm ki, bizim repertuarımızdan kimsə öncədən xəbər tutsun, ifalarımızı konsertdən qabaq dinləsin. Neçə gündür dünyalar qədər sevdiyim qızım, xanımım deyirlər ki, nə olar, bizi də məşqinizə apar. Söyləyirəm ki, qəti olmaz, Cahangir bəy də eləcə. Bu, onlara bir sürpriz olmalıdır. Amma gördüm əməlli-başlı xətrinə dəyir, razılaşdım. Hətta məşqdə dedim ki, sən daha sabah konsertə gəlmə, bütün ifaları dinlədin, sənə maraqsız olar. Cavab verdi ki, "3 ay da dalbadal konsert versəniz, hər gün işimi-gücümü atıb gələrəm. Azərbaycan musiqisindən heç doymaq olarmı?"
Konsertdən sonra Ohayo Universitetinin "Şərqi Avropa və Orta Asiya Ölkələri İnstitutu"nun professoru Skat Livay gözəl konsert sərgilədiyinə görə Şahyar müəllim başda olmaqla ansamblın bütün üzvlərinə dərin minnətdarlığını bildirdi. Bu gecənin uzun müddət yaddaşımızda qalacağını söylədi. Sonra üzünü mənə tutub dedi:

Professor, Şahyar müəllim sənin adından söz verib ki, yenidən bizim tamaşaçıların görüşünə gələcəksiniz. Siz həqiqətən söz verirsiniz? Mən "bəli" dedikdə, salonu gurultulu alqışlar bürüdü.

İyulun 24-də isə Bluminqton şəhərində konsert verdik. Hər iki şəhərdəki konsertlərə – həm Bluminqtona, həm də Kolumbusa yerli sakinlərlə yanaşı, yüzlərlə kilometr aralıda yaşayan azərbaycanlılar gəlmişdi.

Bu konsertlə bağlı ABŞ-da səfərdə olan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, maraqlı yazıları ilə dövri mətbuatda tez-tez çıxış edən jurnalist, şair-publisist Elman Eldaroğlu yetərincə məlumat verib ("525 qəzeti" və müxtəlif elektron saytlarda). Onun yazdığı mətndən ixtisarla təqdim edirəm: "ABŞ, İndiana Ştatı, dünyaca məşhur İndiana Universiteti, universitetin konsert zalı. 24 iyul – isti yay günlərindən biri. Və havanın hərarətinə sərinlik qatan Azərbaycan musiqisi. Müxəlif musiqi alətlərimizdə ifa edir Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə. Onu müşayiət edirlər. Professor Şahyar Danişgərin rəhbərlik etdiyi beynəlxalq "İpək yolu" ansamblının üzvləri: əslən İran azərbaycanlısı Şahyar Danişgər qavalda, milliyyətcə çinli Yeng İng pianoda, violonçeldə suriyalı xanım Aliyyə Əcəmoğlu, gitarada isə ispaniyalı sənətçi Tomas Lozano...

Abbasqulu Nəcəfzadə artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə, iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi seminarda mühazirə söyləyərkən amerikalı dinləyicilərin – universitetin professormüəllim və tələbə heyətinin necə maraqla onu dinlədiklərinin kaş şahidi olaydınız. Bunu ustad dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim musiqi alətlərimiz haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, balabanın, neyin, tütəyin, zurnanın, udun, kamançanın qədim Azərbaycan alətləri olduğunu tutarlı faktlarla sübut etməyə çalışırdı, nail olurdu da...

Elman Eldaroğlu bu konsertlə bağlı yazır: "A.Nəcəfzadənin İndiana Universitetində verdiyi konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli dinləyici gəlmişdi. Lirik musiqilərimizə maraqla qulaq asan amerikalılar təsirləndiklərindən gah göz yaşlarını boğa bilmir, şıdırığı hava çalınanda isə elə yerlərindəcə rəqs etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəfzadə daha da ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, hamı heyrət içində idi. Əslində, İndiana Universitetində mükəmməl musiqi təhsili verildiyindən, buradakıları heyrətləndirmək çox çətindir. Və bu heyrəti amerikalı tamaşaçılarda yaradan məhz Abbasqulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz oldu. Hətta Abbasqulu Nəcəfzadənin 2003-cü ildə nəşr olunmuş "Çalğı alətlərimiz" kitabının nüfuzlu İndiana Universitetinin nəşriyyatında tezliklə ingiliscə nəşrinə qərar verildi…

Özüylə ABŞ-a Azərbaycan təravəti gətirən bu sənətkara yeniyeni sənət uğurları diləyirik…"

Mən İndianada olan ərəfədə Elman Eldaroğlunun həyat yoldaşı, Miçiqan Dövlət Universitetində aspirant olan, ADA universitetinin ingilis dili müəllimi Vəfa Yunusova yay dil kursunda ABŞ-ın müxtəlif universitetlərindən olan yeddi aspirant tələbəyə Azərbaycan dili dərsləri verirdi. Vəfa müəllimənin peşəkarlığı sayəsində amerikalı tələbələr qısa müddətdə azərbaycanca sərbəst danışmağı öyrəniblər. Elmi seminar zamanı mühazirədən sonra həmin tələbələr Azərbaycan musiqi mədəniyyəti ilə bağlı mənə ünvanlanmış maraqlı sualları ilə seçilirdilər. Hətta onun tələbələrindən biri Karli Storm "Sarı gəlin" mahnısını azərbaycan dilində özünəməxsus tərzdə oxudu. O, Bakıya gəlməyi planlaşdırır və mən Karli xanıma söz vermişəm ki, həmin mahnını bizim ansamblla lentə alacağam. Vəfa xanım tələbələrinə təkcə dilimizi, mahnılarımızı deyil, eləcə də mətbəx mədəniyyətimizi öyrədir. Universitetdə keçirilən musiqi və mətbəx festivalında tələbələri üçün milli şiriniyyatlarımızdan olan paxlava və şəkərbura hazırlamışdı.

Öz evini İndianaya gələn hər bir azərbaycanlı üçün ürək genişliyi ilə açan bir soydaşımız haqqında da xüsusi bilgi vermək istəyirəm – Teymur Hacıyev. O, dərman preparatları hazırlayan müəssisədə mühəndis vəzifəsində çalışır. Teymur bəy İndianada qaldığım qısa müddətdə demək olar ki, hər gün evində qonaqlıq təşkil edirdi. Vəfa xanım hazırladığı təamlar, Elman Eldaroğunun duzlu-məzəli söhbətləri isə başqa bir aləm idi. Yəni bu insanların səmimiyyəti nəticəsində özümü heç də qərib kimi hiss etmirdim.

Əziz oxucular! Beləcə, ABŞ-a olan səfərim də yaddaşıma xoş və maraqlı xatirələrlə həkk olundu. Hər səfər isə yeni dostlar, tanışlar qazanmaq deməkdir.