Qazaxıstandan qaçan ac əhali - Tarixdən dəhşətli təfərrüatlar + Fotolar

15 Avqust 2016 13:41 (UTC+04:00)

Ömur kitabımızın səhifələrinə, nəsillərimizin şəcərəsinə ayrılıqlar, fəlakətlərlə iz qoyan ötən əsrin 1919-1929-cu illərində Sovet sistemini tərkibində olan bütün ölkələrin kənd təsərrüfatını məcburi surətdə kollektivləşmə sisteminə keçirdi. Bu da o demək idi ki, illərlə xanlıq ,bəylik, mülkədarlıq edən insanlar bütün var-dövlətlərindən olmalı idilər. Sənəd öz icrasını çox gözləmədi. 1928-ci ilin yazında Narkozem (Xalq Torpaq Komitəsi) və RSFSR-in (Rusiya Sosialist Federativ Sovet Respublikası ) Kolxoz Mərkəzi tərəfindən kəndli təsərrüfatlarının kollektivləşməsi barədə beşillik planın layihəsi hazırlandı. Sənədə görə, bu Sovetlər ölkəsində olan 1,1 milyon təsərrüfata şamil edilmişdi. Bu islahtların da nəticəsində ilk olaraq Qazaxıstanda kütləvi ölüm və repressiya başlandı.

1919-1922-ci illərdə Qazaxıstanda başlanan açlıq

Həmin illərdə , əslində Qazaxıstanda nə qədər insanın açından ölməsi barədə dəqiq rəqəmlər yoxdur. Tarixi arayışlarda qeyd eolunur ki, ölkənin bir çox regionlarında, və eləcə də Qazaxıstanda məhsuldarlıq çox aşağı olub. Hərbi kommunizmin tələblərini yerinə yetirmək üçün 1919-20-ci illərdə ərzaq məhsullarının düzgün bölüşdürülməsi eqidası altında gedən islahatlar əslində ərzaq diktaturası idi. Ərzaq hazırlığı kompaniyası adlanan bu tədbirlər zamanı ailələrdə, evlərdə olan artıq saydıqları ərzaq məhsulunu əhalidən məcburi şəkildə alırdılar. Əvvəllər bu kəndlilərdən məcburi şəkildə yığıaln buğda, kartof idisə, sonradan əhalidə olan ət məhsullarını, mal-qarası, toyuq cücəsini də məcburi surətdə götürməyə başladılar. Qazaxıstanda çörək məhsuldarlığı az olduğundan, insanların mal-heyvanını həyətlərindən sürü ilə götürməyə başladılar. Bu da sakinlərdə və vətəndaşlarda haqlı narazılığa səbəb oldu. Çünki qazaxlar daha çox ət ilə qidalanırlar. Malı-heyvanı olmayan qazax , başqa yeməklərdən istifadə etməz. Bu onların genetik kodlarıdır. Malı-heyvanı gedən insanlar silahlanaraq, dövlətə qarşı vuruşmağa başladılar. Aç insanlarin hədəfi mövcud hökumət idi. Vəziyyətin gərgin olduğunu görən Xalqın atası İosiv Vilarionoviç Stalinin sərəncamı ilə bir çox respublikalarda Mərkəzi Komitələrin birinci katibləri dəyişdirildi. 1925-ci ildə Fillip İsayeviç Qoloşekini Qazaxıstan Muxtar Sovet Respublkasının Mərkəzi Komitəsinin birinci katibi təyin etdi. Elə həmin ilin dekabrın 25-də Qızıl Orda şəhərinə gələn Qoloşekin partiya konfransında çıxış edərək deyir ki, Qazaxıstanda heç bir sovet hökuməti olmayıb. Və elan edir ki, sovet hökumətini qurmaq üçün indi o, sıfırdan başlamalıdır. Həmin konfransda 1927-ci il Oktyabr Kollektiivləşmə illərində Qazaxıstanda maldarlıqda xeyli itki olur. 1928-1932-ci illərdə iribuynuzlu maldarlıq 6 milyon 509 mindən 965 min baş heyvana düşür, qoyunçuluq 18 mln566 mindən 1 mln386 min başa düşür, at 3 miln 616 min başdan 416 min başa, dəvə isə 1 mln 42 min başdan 63 min başa enir.

Qoloşekinin ilk işi qazax millətinin ziyalıları və bəy mülkədar ailələrini yox etmək olur. 1926-1927-ci illərdə Fillip Qoloşekin bəylərdən və sultanlardan , yəni mal-mülk sahiblərdindən ərazilərini, mal-qaralarını, var-dövlətlərini alaraq kasıb kəndlilər arasında bölməyə başlayır. Zəngin zadəgan, bəy və sultan ailələrini ölkənin ucqarlarına sürgün edir.

Bəyliyi tari mar olan bəylər...

Qoloşekin təmizləmələrindən əvvəl, yəni 1926-cı ildə SSRİ-də qazaxların sayı 3 milyon 968 289 nəfər idi. 1939-cu ilin siyahıyaılnmasından sonra qazaxlar 3milyon 100 949 nəfər göstərilirdi. Yəni rəsmi məlumatlara görə qazaxların sayı 14 il ərzində 867 340 min nəfər azalmışdı. Nəsil artımı xətti ilə hesablananda isə, həmin illər ərzində qazaxlar 1 milyon nəfər artmalı idilər. Bu isə bir xalqın yavaş-yavaş yer üzündən silinməsi və ya soyqırım demək idi. Qanlı repressiyaya məruz qalan, vətənlərindən qaçan qazax ailələrndən qonşu Qırğızsatana da sığınanlar oldu. Sürgünün ilk illərində yerli şəraitə, başlarına gələn dər və fəlakətin ağırlığına dözə bilmədikləri üçün qazaxların həyatlarının sonu ölümlə nəticələndi. Bir qırğız ağsaqaalı o zaman gördüklərini sonradan belə nəql edəcəkdi: " Qonşu qazaxıstandan bizə gələnlərin əyin başları cırıq, qarınları ac idi. Hər bir qırğız ailəsi onların bu fəlakətli halını öz dərdi kimi qəbul etdiyindən onlara himayə durmağa başladı. Biz çörəyimizi, yeməyimizi onlarla bölüşürdük. Öz yurtlarımızda onlara yer verirdik. Həmin ağır aylarda və iilərdə hara çıxırdıqsa, yolda, talada qazax ölüləri görürdük. Biz onları qırğız adətinə uyğun dəfn edirdik.". Xalqın atası Stalinin və onun davam etdirdiyi Sovet sistemini öz qayda-qanunu var idi. Heç cür etiraz qəbul olunmurdu. Mal-qarasını, evini, aulını, nəslini acından ölməmək üçün etiraz edən, üsyan edən qazaxları "basmaç bandası" adlandırırdılar. Əsil həqiqətdə isə bu etiraz aclıqdan ölməmək, ölümdən xilas olmaq istəyən qazaxların yaşamaq haqqı idi. Başını qurtara bilən qazaxlar ailəsi ilə, və ya nəslindən sağ qalanları ilə ya yaxın sərhəd qonşusu Çinə qaçır, ya da Rusiyanın gözdən uzaq yerlərində sığınacaq tapırdılar. Deyilənlərə görə, sərhədlərdəki maneələri yara bilən 100 mindən artıq qazax bəladan canını və ya nəslini qurtara bilmişdi. Bu düşünülmüş sürgünlərdə ilk zərbə "bay"- bizim təbirimizcə "bəy"lərə dəyir. Hər qazax aulında bir bəy, bəyzadə var idi. Kəndlərdə qohum-əqrabalar adətən toplum halında yaşayırlar. 5,6, 10 evdən ibarət olan kəndlərdəki mal-qaranı, torpaq və otlaq səhalərini əhalinin əlindən alıb, onları məcburi şəkildə kollektiv təsərrüfata qoşulmağa təhrik etdilər. Hakimiyyətin ən çox qorxduğu insanlar isə bu bəy və bəyzadələrin, kənd adamlarının ətrafında, daxilində olan ziyalılar idi. İlk növbədə onların susdurulması qərara alındı. Təbii ki, kəndin, aulun, elin-obanın yol göstərəni olan ziyalıların aradan götürülməsi, həmin şəxslərin basız, böyüksüz qalması demək idi. Qazaxları sarvanı olmayan karvana döndərmişdidlər. Öz hüququ uğrunda mübarizə apara bilməyən savadsız kəndlilər, aclığa məruz qaldılar. Belə məhvə məruz qalan ziyalılardan biri də 1929-cu ildə "Alaş Orda" təşkilatının liderləri və üzvləri oldu. Onların arasında Əhməd Baytursınolı və 45 nəfər həbs olunaraq güllələndilər.
Elə həmin ərəfədə Bolşevik İnqilabının 10 illik yubileyi üçün hökuməti qurmaq haqda bəyənat da verildi. Qoloşekin təmizləmə işlərinə qazax kəndlərindən – aullarından başlamağı uyğun bildi. Və qısa zaman ərzində aç kəndlilərdən və bolşeviklərdən yaratdığı hərbi dəstələrə bu aullarda vətəndaş müharibəsi aparmağa göstəriş verir. Atədən köçəri həyat tərzinə öyrəşən qazaxları kütləvi surətdə oturaq yaşayış sisteminə keçməyə məcbur edir.

KOLLEKTİVLƏŞMƏ.... və ya "Beş sünbül" qanunu

Mərkəzi Komitə də öz islahatlarını həyata keçirirdi. Rusiya Kommunist (bolşevik) Partiyasının Mərkzəi Komitəsinin 1928-ci il 10 iyulda keçirilən iclasında qəbul edilən " Taxıl Tədarükünün ümumi təsərrüfat əsasnaməsi" adlı Qətnaməsində göstərilirdi ki, "müharibədən əvvəlki normaya görə əkin sahələrindən yığılan məhsul 95 % təşkil etdiyi halda, hazırkı vəziyyətdə bu rəqəm 50 %dən yuxarı deyil". Bu məqsədlə görülən tədbirlər nəticəsində heç bir il keçməmiş, 1929-cu ilin yazında artıq kollektivləşmə sisteminə keçən kəndli təsərrüfatlarının sayı 4-4,5 milyona çatmışdı. Bolşevik Kommunist Partiyası üçün bu rəqəm çox sevindirici bir göstərici idi. Beşillik plan 1 ildə yerinə yetirilmişdi! Bəs görəsən bu tələsik plandoldurmanın arxasında hansı görünməyən sirlər var idi?

... 1929-cu ilin payızında partiya dövlət rəhbərliyi tərkibində olan bütün sovet respublikaların kəndlərində yeni siyasəti həyata keçirməyə başladı. Bizim həmyerlilərimizə kolxoz və kollektivləşməyə keçmə tarixi ən azı "Axırıncı aşırım" bədii filmindən bəllidir. Bu filmdə kollektivləşmə və kolxoz siyasətinin bir eilin, bir mahalın , bir obanın dağdan ağır kişilərinin başına hansı oyunlar açdığını yaxşı bilirlər. Ata-babalarından, qədim köklərindən bir-birinə ötürülən bəylikləri, xanlıqları bolşeviklər tərəfindən alınan kişilər bütün ailə üzvləri ilə birlikdə həm də repressiyalara məruz qalırdılar. 1930-cu il yanvarın 5-də Rusiya Kommunist (bolşevik) Partiyasının "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatı sahəsində sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluqlər edən güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda və digər Federativ Respublikalarda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.

Kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qəbul edilən qərar təkcə Azərbaycanda 2 milyona yaxın insanın qolçomaq adı ilə damğalanaraq sürgünə göndərilməsi ilə nəticələndi. Kütləvi kolxozlaşmanın gətirdiyi fəlakərlərdən biri də sovet ərazilərindəki 1931-1933-cü illərdə başlayan aclıq oldu. Bu aclıq nəticəsində milyonlarla insan öldü. Sovet hökumətinin (SSRİ Xalq Komissarları Soveti)"Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında" , 1930-cu il fevral ayının 1-də keçirdiyi Plenumun qərarına görə Kolxoza qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi. Tezliklə bu planının da dodldurulmasına başlandı. Plana görə:

- Həbs düşərgələrinə 60000 min adam göndərilməli, sürgünlərə isə 150000 min qulaq (yəni qolçomaq) getməliydi.

- sürgün olunanlar Sibirə, Ural, Qazaxıstanın səhralarına göndərilirdilər. Baxmayaraq ki, bu sürgünlərdə aclığa ən çox məruz qalan Ukrayna və Qazaxıstan Respublikaları oldu.Var-dövləti, mal-qarası müsadirə olunub, sürgünə göndərilən ailələrə özlərində cəmi 500 rubl pul saxlamağa icazə verildi.

Kəskin çəza tədbirləri özünü doğrultmaurdu. Fəhlə-Kəndli Xalq Komissarlığının müfəttişliyinin göstəricilərinə görə i 1931-ci ildə taxıl yığımında 15 milyon ton itki oldu, 1932-ci ildə isə bu rəqəm bir az da böyüdü. Ukraynada, Qazaxıstanda, Orta Volqa ərazilərində taxıl sahələrindəki itkilər , az qala Sovet Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetini çökdürmək ərəfəsində idi.

Şoloxovun Stalinə hiddət dolu məktubu...

Vəziyyəti belə görən İosiv Vilarionoviç Stalin yaxın dostu və silahdaşı Lazar Moiseyeviç Kaqanoviçlə məsləhətləşdikdən sonra belə qərar qəbul edirlər ki, fəhlə və kəndlilərə verilən taxıl payı birmənalı surətdə kəsilməlidir ki, ölkənin taxıl planı dolsun. QULAQ əməliyyatlarında gücdən düşmüş, zəifləmiş boşalan kənd və rayonlar, işçi qüvvəsinin az olması səbəbindən əkin biçin işlərini vaxtında bitirmək olmurdu. İnsanlar istirahət etmədən, gecə və gündüz işləyirdilər. Bir tərəfdən də, Stalinin imzaladığı yeni sərəncamlara görə ailələrə buğda, taxıl payı vermək olmazdı. Bu yeni tədbirlərin tətbiqindən sonra isə insanlar arasında kütləvi surətdə aclıqdan ölmə halları çoxalmağa başladı.

Lazer Koqanoviçə görə, məhsuldarlığın aşağı düşməsinə səbəb kəndlilərin sabotaj (yəni bilə-bilə mane olmaq, işi pozmaq) yaratmaları idi. Bu adla da indi də kənd təsərrüfatına və kolxozlara rəhbər təyin edilmişlərin kütləvi repressiyası başlandı. Elə kəndlər var idi ki, oradan insanları kütləvi surətdə sürgün edirdilər. Hətta çörək payları əllərindən alınan kəndlilər də, etiraz etdiiklərinə görə kütləvi surətdə repressiyalara məruz qalırdılar. Bütün bu acınacaqlı hadisələrin şahidi olan, dövrünün tanınmış yazıçısı Mixail Aleksandroviç Şoloxov 1933-cü il aprelin 4-də İ. Stalinə 12 səhifəlik məktub ünvanlayır: (həmin məktbun bəzi hissələrini təqdim edirik)

"Yoldaş Stalin!

Şimali Qafqaz əyalətinin bütün rayonları kimi Veşenski rayonunda da çörək tədarükü və buğda səpini planını yerinə yetirməyiblər. Bu və başqa rayonlarda hazırda kolxozçular və fərdi təsərrüfatçılar acından ölürlər: əlllərinə düşən ot-ələfi yeyən böyüklər və uşaqlar şişərək, ölürlər. Bir sözlə bizim rayon da başqa rayonlardan heç nə ilə fərqlənmir.Vilayət üzrə Veşenski rayonu irəlidə gedənlərdən olub. 1930-31-ci illərin ağır şəraitinə baxmayaraq, səpini və çörək tədarükünü müvəffəqiyyətlə yerinə yetiriblər. Göstəriciləri sizin diqqətinizə çatdırıram:

1930-cu il — 87571 hektar.
1931-ci il — 136947 hek.
1932-ci il — 163603 hek.

Gördüyünüz kimi, kollektivləşmə nəticəsində səpin sahələri iki dəfə artıb. Onların hansı əziyyətlərə qatlaşması, hansı çətinliklərdən keçməsi, yarımcan heyvanlarla bu qədər sahələri sürüb, şumlamaları, bol məhsul götürmək üçün dəridən-qabıqdan soyulmalarını mən ikinci kitabımda "Dirçəlmiş səhra"-da yazacam. Əslində hər iş yaxşı gedirdi,lakin baş verən təbii fəlakətlər, müxtəlif səbəblər üzündən məhsul azalmağa başlayır. Sizin köməkliyiniz olmasa bu fəlakətləri dəf edə bilməyəcəyik.
Veşenskiy rayonu yem tədarükü, çörək tədarükü planını ona görə yerinə yetirməyib ki, qulaq sabotajçıları və partiya təşkilatları işlərini düzgün qura bilməyiblər. Çünki vilayət rəhbəri öz işini bacarmır. Planı yerinə yetizdirmək üçün əlahiddə saləhiyyəti olan başçılar isə xalqa zülm edirlər.

Mən nümunələr gətirərək bunu Sizə izah etməyə çalışacam:

1.Kolxozçuları və təsərrüfatçıları kütləvi surətdə döyürlər.

2.Onları soyuq quyulara sallamaqla cəzalandırırlar. Kolxozçuları başdan-ayağa soyundurur və quyu olmayanda soyuq ambarlarda bağlayırlar. Yanvar-fevral-mart aylarında elə olub ki, insanları briqada ilə belə anbarlarda saxlayıblar..

3. Vaşayev kolxounda kolxozçuların ayaqlarının altına benzini töküb, sonra yerə od vurublar, Onların ayaqları yananadan sonra odu söndürüblər. Bir çoxunu isə quyulara atıb, üstünü torpaqladılar. Qalanlarını isə işgəncə verərərk istintaq edirlər.

4. Napolov kolxozunda rayon komitəsinin üzvülüyünə namizəd Plotkin dindirmə zamanı kolxozçunu közərmiş dəmirin üstündə oturmağa məcbur edib. Həbs edilmiş adam qışqırıb ki,"... istidir otura bilmirəm", onun üzərinə qaynar su töküblər. Sonra isə bədbəxti soyuq şaxtaya çıxarıblar və yenə ambara salıb, ağzını bağlayıblar. Həmin Plotnikov bir təsərrüfatçının əlinə naqan verərək deyib ki, ya özünə atəş aç, ya da mən səni güllələyəcəm...

5. Varvara kolxozunda məntəqə katibi Anikeev briqadanın iclasında qadın və kişilərin hamısını məcburi surətdə maxorka çəkməyə məcbur edib, sonra isə qaynar sobanın üzərinə acı istiotu atıb. İclasdakılara isə əmr edib ki, binanı tərk etsələr onları güllələyəcək. Rayon Komitəsinin digər üzvü Paşinskiy dindirmə zamanı kolxozçulara sala ilə qarışdırılmış çoxlu su içirdib , sonra isə onları nöyütə bulanmış buğdanı yeməyə məcbur edib.

6. Solontsov kolxozunda otağa insanın meyitini gətirərək, həmin meyitin yanında kolxozçuları istintaq ediblər, özlərinə sərf etməyən cavabı almayınca onları, güllələyəcəkləri ilə qorxudublar.

7. Kolundayev kolxozunda çılpaq insanları üç saat qarın üzərində açıq havada qaçırdıb-qovublar. Donmuş insanları sonra Bazkov xəstəxanasına gətiriblər.
... Belə dəhşətli işgəncə hallarını saymaqla bitməz. Bunlar ayrı-ayrı hallar deyil, bütün rayon mərkəzlərində insanların üzərində bü cür zorakılıq edirlər. Bu artıq kütləvi hal alıb. Və bu hadisələri mənə ya kommunistlər danışır, ya da kəndli və kolxozçuların özləri deyirlər. Xahiş edirlər ki, bu dəhşətlər haqqında qəzetdə yazım.
Sizə minnətdarlıqla M. Şoloxov".

Yuxarıda Şoloxovun bir sözünə diqqətlə edin: "əlahiddə saləhiyyəti olan başçılar isə xalqa zülm edirlər". Düşünmək olardı ki, xalqın və millətin atası Stalin böyük yazıçının bu etirazına və şahidi oldğu dəhşətlərdən narahatlıq keçirəcək, və xalqın xeyrinə nəsə yeni bir qərar qəbul edəcək. Stalinin dəftərində etirazçıya, xalq kütləsinə qarşı əhv yox idi. O belə hesab edirdi ki, bir dəfə xalqa güzəştə gedərsə, o zaman həmin xalqın qarşısında dayana bilməyəcək. Böyük yazıçının məktubuna cavab özünü çox gözlətmir. O Mixail Şoloxova may ayının 6-da belə bir cavab yazır:
"Hörmətli yoldaş Şoloxov!

Xəbəriniz olduğu kimi, Sizin hər iki məktubunuzu almışam. Tələb etdiyiniz kömək olunub. Tam təfərrüatını bilməniz üçün Veşenski rayonuna, Sizin yanınıza yoldaş Şkiryatov gələcək, xahiş edirəm ki, ona kömək edəsiniz.

Bu belə. Lakin hələ hamısı demək deyil, yoldaş Şoloxov. İş ondadır ki, Sizin məktublarınız birtərəfli təəssürat yaradır. Buna görə mən Sizə bir neçə söz yazmaq istəyirəm.

Mən məktuba görə Sizə minnətdarlıq etdim, belə ki, o məktublar bizim partiya-sovet işimizin ağrılı yerlərini açıb göstərir, əfsuslar olsun ki, bizim işçiılərimiz bəzən düşmənə həddini bildimək üçün, cilovu bərk çəkirlər və bilmədən dostlarını vururlar və belə halda sadistlik etməyi də bacarırlar. Lakin bu o demək deyil ki, mən Sizinlə təmamiılə razıyam. Siz bir tərəfi görürsünüz, və pis görmürsünüz. Bu məsələnin bir tərəfidir. Siyasətdə səhv etməmək üçün (Sizin məktublarınız belletristka deyil, başdan-ayağa siyasətdir), bir az uzaqgörən olmaq lazımdır, o biri tərəfi də görmək lazımdır. O biri tərəf budur ki, sizin rayonun hörmətli çörək tədarükçüləri (təkcə sizin rayonun yox) "italyanka" (sabotaj ) ediblər və Qırmızı Ordunu az qala çörəksiz qoyacaqdılar. Həmin sabotaj əslində sakit və səssiz edilib(qan tökülməyib)—lakin bu fakt onların səssiz sabotaj etməklərini , səssiz müharibə etdizklərini dəyişmir. Onlar Sovet hökuməti ilə səssiz müharibə aparıblar. Gizlincə hökuməti gücdən salmaq istəyiblər, dəyərli yoldaş Şoloxov...

Əlbəttə, bu o demək deyil ki, bu hadisə Sizin qeyd etdiyiniz kimi, bizim işçilərimizin törətdiyi yaramazlıqları ört- basdır edir. Bu yaramazlıqları edənlər də layiqli cəzalarını alacaqlar. Əlbəttə , mən də bilirəm ki, bizim hörmətli çörək tədarükçülərimiz uzaqdan göründüyü kimi o qədər də yazıq deyillər.
Nə isə, sağlıqla qalın və əlinizi sıxıram.
Sizin İ.V. Stalin"

Tavada qızardılan uşaq ürəyi…

Hətta Şoloxovun məktubu da Millət atasını rəhmə gətirə bilmir. Bu da Levon Mirzəyan və Lazer Qoloşekin kimi "sadiq" pariya işçilərinə öz qatı cinayətlərini davam etdirməyə daha geniş imkanlar yaradır. Nahaq deməyiblər ki, "balıq başdan iylənər". Təbii ki, aşağıda sistemin rəhbər işçilərinin hansı üsulla insanlara zülm etmələri, ordunu və dövləti gücləndirmək üçün planlı surətdə edilən hərəkətlərdən Millət atasının xəbəri var idi.

Qoloşekin yaxşı bilirdi ki, ətrafında olan kommunist qazaxlar da onun bu ideyası ilə razılaşmayacaq, dədə-baba adətlərini tərgitməmək üçün müqavimət göstərəcəklər. Öz işini rahat həyata keçirmək üçün Qoloşekin partiya liderlərini aradan götürməyə başlayır. A.Baytursınov, M.Dulatov, M.Jumbayev, M.Tınışbayev, J.Dosmuxamedov və onlarla belə milli ziyalıları həbs etməyə başlayır. 1931-33-cü illərdə sürgünlərdə və zindanlarda 2,4 milyiona qədər qazax ziyalısı və vətənpərvəri həlak olur . Həmin illərin statistik göstəricilərində qeyd olunur ki, Qazaxıstan MSSR-in 48 faiz əhalisi ölmüş və vətəni tərk etmişdilər.

Fillip Qoloşekin və Levon Mirzoyanın qazaxları milli kimliyindən ayrı salmaq planlarının həyata keçirilməsi nəticəsində Əgər 30-cü illərdə bu və ya digər səbəblərdən 2 milyona qədər insan ölmüşdüsə, indi ölüm aclığı insanları ailəliklə, nəsilliklə aparırdı. Aclığın 1-ci ilində 1 milyon insan da belə öldü. Qazaxların 1932-33-cü ildə itirdikləri insan sayı 4 milyon 68 min adam oldu.

Yemək tapmaq üçün özündə güc tapanlar Novosibirskə gedən dəmir yoluna çıxırdılar. Getdikləri torpaqlarda isə onları heç kim gözləmirdi. Yurd yerlərində, çadır evlərində qalan qazaxlar isə elə kimsəsiz ölürdülər. Həmin illərin sənədlərində qeyd olunurdu ki, insanlar arasında insan əti yemək adi hal almışdı. İstintaq ifadələrində yazılırdı: " Uzaqdan bir yurt gördük, oraya yaxınlaşanda bir nəfər adama oxşayan , hərəkət edən nə idisə çıxıb qaçdı. Yurtun içərisinə girəndə, ocağın üstündəki qazanda insan əti qaynadıldığını şahidi olduq. Onlar ölmüş naməlum bir şəxsin bədəninin hissələrini qaynadıb yeyirdilər. Semeydəki xəstəxanada ölən uşaqları, qocaları.. taxta şalban kimi bir-birinin üstünə yığırdılar.

Qazaxların aclıq əlindən köçüb gələrək məskunlaşdıqları Rusiyanın Şimal vilayətlərində onlardan "adamyeyən" obrazı formalaşdırmışdılar. Yerli əhali öz uşaqlarını qazaxlardan qoruyurdu. Hətta uşaqlarını qazaxlarla qorxudurdular. Belə fikirləşirdilər ki, aç qazaxlar onların uşaqlarını oğurlayıb, yeyirlər. Hətta bir dəfə Çaqirov soyadlı bir qazax çörək istəmək üçün bir baraka girir, orada iki uşaq olur. Uşaqlardan biri qazaxı görüb qışqırır. Səsə gələn ətrafdakı insanlar, qazaxın dediklərinə deyil, uşağın qışqırtısına reaksiya verərək, onu linc etmişdilər. Yerli əhali gəlmə qazaxlardan xilas olmaq üçün provokasiyalara əl atır, onları harada görsələr, şər-böhtan etməkdən belə çəkinmirdilər. Hətta qurunun oduna yaş da yanırdı. Heç bir hüququ olmayan, haqqı tanınmayan qazax və qırğız millətindən olan insanları harada görürdülərsə onları döyür, al qana qərq edirdilər. Milis orqanlarında onlara "kriminal və cinayətkar elemet" adı da vermişdilər.

"1933-cü ildə şəhər icraiyyə komitəsinin müavini, Markaryanın imzası ilə tərtib olunmuş bir sənəddə ac qalmış qazaxların ölmüş insan ətlərini, eləcə də öz övladlarını yeməsi faktı da qeyd olunub. Həmin sənəddə yazılır:
"Adamyemə və yemək üçün adam öldürmə məqsədi ilə" 31 mart 1933-cü ildə tərtib olunmuş sənəddə yazılır:

Son aylar Sovet İttifaqının bir çox yerlərində adamyemə və satışda adam ətinin satılması hallarının baş verməsi barədə halla qeydə alınır:

Qazaxıstanda:

Aulie-ata şəhərində fevral ayının 11-dən 16-na kimi olan müddət ərzində müəyyən olunub ki: 1) bazarda qadın bişirilmiş adam əti satıb. Məhkəmə tibb ekspertinin gəldiyi ilkin nəticəyə görə, bişirlmiş adam ətinin hissələri 6-7 yaşlı uşağa məxsusdur. 2) Özbək qəbristanlığında qazax kişinin əlində doğranmış və kəsilmiş uşaq götürüblər.
Bundan başqa, özbək qəbristanlığında 22 yaşlı qazax qadının meyiti hissələrə kəsilmiş halda aşkar olunub. Onun bədəninin ət olan hissələri kəsilib götürülüb.
Karakalin islah əmək düşərgəsində cəza çəkən Şakenovaya gətirlimiş ət yeməyinin insana aid olduğu aşkar edilib. Əməliyyat zamanı S. adlı vətəndaşın evində öldürülmüş qadın bədənin hissələri aşkar edilərək götürülüb.

Şimal Vilayəti:

Pleseçsk rayonunda, islah əmək düşərgəsində İvanovun bədən hissələri aşkar edilib. Onun bədəninin yumşaq yerləri kəsilib götürülərək, bişirilib, və bir qrup şəxs tərəfindən yeyilib. İstintaq gedir. 19 nəfər həbs olunub.

Nije-Voljskiy vilayəti:

Krasnoyarsk rayonunun Natxaçı kəndində, kənd sovetinin nümayəndələri tərəfindən evdə donmuş meyit aşkar edilib: kənd sovetinin işçiləri meyiti mənzildən çıxararaq, sonradan götürüb basdırmaqniyyəti ilə həyətdəki saraya qoyublar. Lakin geri qayıdanda meyitin bədəninidən ayaqlarının kəsilməsinin şahidi olublar. Yaxınlıqdakı evdə yaşayanların evini axtaranda, mənzildə ləyənin içərisində insan sümüklərinə bənzər sümük tapılıb. Hadisə araşdırılır.
Şimali Qafqaz Vilayəti:
Maykop rayonununun Qiaqin stansiyasında kolxozdan xaric olunmuş qulaq O. arvadı ilə əlbir olaraq, 1933-cü il yanvar ayından mart ayının 1-nə kimi müxtəlif vaxtlarda evlərində kirayə qalan fəhləni, onun arvadını və 4 uşağın öldürüb. Arvadı isə həmin adamların ətini bişirilmiş və çiy şəklində bazarda satıb. Aparılmış əməliyyat axtarış tədbiriləri zamanı onların həyətindən 4 ədəd bədəndən ayrılmış uşaq başı tapılıb götürülüb. Cinayət əməlini törətməkdə şübhəli kimi saxlanılan O. xəstəxanada ölüb.
Eyski rayonun Şerbin stansiyasında yaşayan , hazırda həbs olunan fağır kolxozçu S . bacıları deyirlər ki, fevral ayında acından ölən ərininin ətini yeyiblər. Daha sonra aclıq onlara güc gəldiyindən 13 yaşlı kiçik bacılarını da kəsib yeyiblər. Bir müddət keçəndən sonra onlar digər kolxizçu P.-nı aldadaraq evə dəvət edib, onu da kəsib yeyiblər. Ümumilikdə 5 insan əti yeyiblər. Sonuncuların ətindən kolbasa, və qış ehtiyatı tədarük ediblər.
Həmin stansiyada yaşayan kolxizçu T. Qonşusunun 9 yaşlı oğlunu evə çağıraraq,öldürüb. Həmin uşaqın bədən hissələrindənn hazırlanmış kolbasa onların evindən götürülüb.
Kurqan rayonu, Petropavlovsak stansiyasının kolxozdan xaric olmuş sakinin evində bişirdiyi tavada uşaq ürəyi və ciyərini qızrdarkən hadisə yerində yaxalanıb, mənzilin sobasında isə ütülmüş uşaq başı aşkar edilib.
Aleksandr rayonu Bir çox yaşayış ərazilərində sistematuik olaraq aclıqdan ölüm halları baş verir. Küçələrdə və kəndlərdə aclıqdan ölənlərin meyitləri aşkar edilir. Senqilyev stansiyasında 1933-cü ilin 3 ayı ərzində aclıqdan ölən 400 insanın cəsədi aşkar olunub.
Şəhər İcraiyyə Komitəsinin rəis müavini: --KLİMOV."


Kimdən küsdü uşaqlığım...

Yenə sənədlərin dili ilə danışacam. 1931-ci ilin 7 dekabırında Şərqi Sibirin Aley rayon icraiyyə komitəsi Mərkəzi Komitəyə gəlmələr haqqında belə bir sənəd ünvanlayır: "Son iki ayda (oktyabr, noyabr) mövsümi işlərin azalması ilə əlaqədar,qazaxlar bizim kənd və rayon mərkəzlərinə gəlirlər. Onlar bir yerdə qərar tutmurlar. Yeməyə çörəkləri də yoxdur, atları da acından ölür. Buna görə də yerlərdə ağır yoluxucu xəstəliklər artmağa başlayıb. Buna baxmayaraq, RİK tədbirlər görməyə başlayıb. Onların bəzisi işlə təmin olunur. Onlar üçün artıq iki milli məktəb də açmışıq. Lakin onları ərzaqla təmin etmək lazımdır".

Yaşamaq, ölməmək, iş tapmaq üçün qazaxlar ata-baba yurdlarını atıb, üzü Sibirə, və daha uzaqlara gedirdilər. Bu yollarda ölən ölürdü, qalanlar isə min-bir əzaba qatlaşırdılar. Ən böyük müsibəti qocalar və uşaqlar çəkirdilər. Uşaqların əksəriyyətində distrofiya xəstəliyi baş alıb gedirdi. RSFSR Sov.Xalq Komissarlığının sədri D.E Sulomova 1932-ci ildə uşaqların düçar olduğu xəstəlik barədə Sibirdən göndərilən məktubunda qeyd edirdi ki, Şərqi Sibir vilayəti uşaq evinə Qazaxıstandan gələn 1500 uşaq qəbul edib.2500 nəfər isə xüsusi sürgün olunmuşların uşaqlrıdır. 1000 uşağın isə heç kimi yoxdur. Onlar aclıq tüğyan edən bölgələrdən yığılıblar.

Tarixin arxivlərində heç nə itmir. 1933-cü ildən etibarən Şimali Sibir tərəfdə uşaq evlərinin çoxaldılmasına başlandı. Bu uşaq evlərində əsasən Qazaxıstanda türkçülüyü məhv etmək üçün başlanılan aclıq qurbanlarının sağ qalan , qatar vağzallarında, xarabalıqlardan yığılan uşaqlarını yerləşdirməyə başladılar. Ancaq qatarlardan 132 uşaq götürülmüşdü ki, onların da əksəriyyəti xəstə idi. Həmin uşaqları yerləşdirmək üçün təkcə Novo Omsk, Slavqorod, Biy, Aley və Prokopev şəhərlərində 480 yerlik 5 xüsusi məktəb açıldı.

Şərqi Sibir ərazi prokurorluğunun yazdığı sənəddə qeyd olunurdu ki, aclıq əlindən Qazaxıstandan baş götürüb qaçan qazaxlar Sibir çöllərində gördükləri boş evlərin hamısını zəbt edir, özlərinə sığınacaq axtarırlar.Onların heç bir ərzaq ehtiyatları yoxdur. Sibir soyuğunda onların əksəriyyəti elə yollarda, meşələrdə, vağzallarda ölürlər. Onların məskunlaşdıqları yerlərdə yoluxucu xəstəliklər yayılıb. Aclıqdan taqəti olmayan qazaxlar harada nə tapdılarsa yeyirlər. Ölmüş heyvanların cəmdəklərini yeməkdən belə çəkinmirlər. Ərzaqla təmin edə bilmədikləri üçün , hətta övladlarından da imtina edirlər. Onlar ağır tikinti və istehsalat işlərində çalışmaq istəyirlər ki, təki bir qarınlıq yemək paketi alsınlar.

Qoloşekinin qurduğu aclıq fəlakəti ucbatından vətənlərində bəy, xan olan qazaxlar, onların övladları indi özgə qapılarında ən ağır işlıər görmək məcburiyyətində qalmışdılar. Onlar artıq ətin, südün, qaymağın, ətirli çörəyin də dadını çoxdan unutmuşdular. Ac qalmamaq, ölməmək üçün yemək ətri gələn evlərə hücum edir, evlərdə olan ərzaqları aparıb dəstə şəklində bölüşdürüb yeyirdilər. Aclıq onlara nə vaxtsa xanlıq və bəyzadəlik statuslarını da unutdurmuşdu. Pyotr Kiselev adlı bir təsərrüfat sahibi 17 oktyabr 1931-ci ildə öz ifadəsində yazır: " Sizi əmin edirəm ki, mənim sahəmdə işləyən Korobay işə çox məsuliyyətlə yanaşır. O hətta kürəyində birdəfəyə 25 pud ağırlığında yükü rahatca daşıya bilir".

Qoloşekinin islahatlarına uyğun olaraq, qazaxlara hər yerdə təzyiq edilir, onların milli ruhunu qırmaq üçün hər cürə işgəncələr verilirdi. Yeni yaşayış yerlərində iş yrelərinə öyrəşən qazaxların tez –tez yerləri dəyişdirilir, həftəlik, aylıq iş normalarını yerinə yetirən qazax fəhlələrinin əmək haqqları ya tam verilmir, ya da kəsilirdi. Əmək haqlarını istəyənlər isə avtomatik olaraq işdən azad olunurdular...

Türkün qolu bükülməsin

... Dünyada heç bir hökmüdar, heç bir rejim əbədi deyil. Stalin rejimi də dağıldı, Sovet İttifaqı da tənəzzülə uğradı. Sovet üsul idarəsinin hər zaman açıq və gizli apardığı türkçülük siyasəti hər zaman 15 respublikada yaşayan türkdilli xalqlara ziyan vurdu. Lakin onların əksəriyyətinə dilllərini, milli kimliklərini unutdura bilmədi. Qazx xalqının əhalisinin ölkə daxilində artımı ancaq 1970-ci ildə 3 968 289 nəfərə çatdı. Sonuncu dəfə 1926-cı ildə qazaxların sayı bu qədər olmuşdu. Kökü bitmədi, tükəndmədi. Qazaxıstan Parlamentinin sabiq senatoru Qarifulla Yesim "Aşarçılıq" faciəsini araşdırdıqdan sonra, maraqlı bir əticəyə gəldi. Onun hesablamalarına görə XX əstrin 30-cu illərində Qazaxıstanda başladılan aclıq illərində ana olmadan ölən qızlar qalsaydı, bu gün qazax xalqının sayı 40 milliyona çatardı. Acı həqiqətlərdən biri də o idi ki, həmin illərdə analar qızlarının ölməməsi üçün bir qarın çörəyə kimə oldu verirdilər, hətta gələcək talelərindən xəbərləri belə olmurdu.

Qazaxıstan öz müstəqilliyini elan edəndən sonra tarixin qaranlıq səhifələrinə bir daha işıq salındı. Türk dünyasının lideri, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin əmri ilə 1997-ci ildən etibarın hər il may ayının 31-də Qazaxıstanda yaşayan 127 millətin nümayəndəsi siyasi reoressiyalarının qurbanları gününü qeyd edir. O qurbanların içərisində aclıqdan həyatlarını itirən qazax xalqlarının bəy və xan nəslinin davamçıları olan zadəganlar, aydınlar da var. O repressiya qurbanlarının içərisində azərbaycanlılar da var.

Tarix və insanlarımız bir həqiqəti unutmamalıdır ki, 1932-33-cü illərdəki aclıq nəticəsində Qazaxıstanda 4 milyon yarımdan artıq insan açlıqdan həyatını itirib, 1 milyondan artıq qazax isə öz doğma vətənini bir qarın çörək üçün tərk edib, və Qazaxıstan yadellilərin əlinə keçib. Ölkəni tərk edən qazaxlar Qırğızstan, Çin, Monqoliya, Əfqanıstan və İrana səpələndilər. Göyərə bilənlər, soylarını-köklərini qorudular. Qazax mənliyindən dönmədilər. Ölkə müstəqilliyini əldə edəndən sonra Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dünyaya səpələnmiş qazaxlara səslənərək, onları vətənin tam hüquqlu vətəndaşları qismində vətənə dəvət etdi.
Tarixin qara səhifəsi olan açlıq illərini isə hər kəs bilməli və öyrənməlidir. Bu sənin, mənim tariximdir. Dünyanın harasında olursa olsun, türk dünyasının danılmaz lideri Nursultan Nazarbayev türklərə səslənərək, Türk Birliyinin qurulmasının vacibliyini önə çəkir! Gəlin elə yaşayaq, elə birləçək ki, Türk Birliyini Nursultan Nazarbayevin rəhbərliyi ilə yaxın vaxtlarda qurmağa gücümüz olsun. Tələsək ki, başımıza bir də belə faciələr gəlməsin.

Aida Eyvazlı,
təqiqatçı jurnalist