Rioda XII gün - Gözlər Rəsul Çunayevdə

16 Avqust 2016 10:35 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, oyunların XII günündə Azərbaycan yığmasının 3 üzvü mübarizəyə qoşulacaq.

Güləş

Yunan-Roma güləşində ölkəmizi təmsil edən Rəsul Çunayev (66 kq) Yay Olimpiya Oyunlarında debüt edəcək. Avropa Oyunlarının qalibi, Avropa və dünya çempionatının qızıl medalçısı mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi kubalı Migel Palasio Martinez olacaq. Bu çəki üzrə görüşlərə saat 17:00-da start veriləcək.

Kanoe
Sprint (K1)
200 metr


Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya da final mərhələsində mübarizə aparacaq.1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü 8 idmançı ilə birlikdə medal üçün yarışacaq. Həlledici yürüşdə onun rəqibləri qazaxıstanlı İnna Klinova, İsveç təmsilçisi Linnea Stensils, fransalı Sarah Quyot, Yeni Zelandiyadan Liza Karrinqton, polşalı Marta Valçikeviç, ispan Tereza Rivas Portela və sloveniyalı Spela Yaniç Ponomarenko olacaq. Yürüşə saat 16:40-da start veriləcək.

Boks

Lorenzo Sotomayor (64 kq) millimizə növbəti medalı qazandıra bilər. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gələcək. Təmsilçimiz bu görüşü də qalib başa vursa, yarımfinala yüksəlməklə yanaşı həm də ən az bürünc medalı təmin edəcək. Lorenzo Sotomayorun medal mübarizəsi saat 01:15-də start götürəcək.

Aygün