Azərbaycandan erməni idmançının təxribatına - Rəsmi reaksiya

17 Avqust 2016 19:14 (UTC+04:00)

Aleksanyan mükafatlandırma mərasiminə aprel döyüşlərində məhv edilmiş Qarabağdan olan erməni kiçik çavuş Robert Abadcanın şəkli olan köynəklə çıxıb. Eyni zamanda o, qələbəsini aprel döyüşlərinin "qəhərəmanı" olan erməni hərbçilərinə həsr etdiyini bildirib. Erməni idmançı bu addımı ilə Azərbaycana qarşı çirkin təxribata yol verib.

Ermənistan idmançısının bu hərəkəti ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova AzNews.az-a açıqlamasında erməni idmançısına belə cavab verib:

"Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə, heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb. Erməni idmançısının dünənki hərəkəti isə, bu ölkənin sui-istifadəsi və siyasəti idman meydançasına gətirmə cəhdi oldu.

Daim dünyaya özünü təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya öz mənfur xislətini nümayiş etdirib, cılız düşüncəyə malik olduğunu bir daha sübut etdi".