Benzin ucuzlaşacaq? - Ekspert şərhi

18 Avqust 2016 10:25 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, idxal olunan benzinə aksiz vergisinin ləğv edilməsi benzinin ucuzlaşacağıyla bağlı fikirlər yaradıb.

İqtisadçı ekspert Vüqar Bayramov məsələ ilə bağlı şərh verib. Ekspert bildirib ki, bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər: "Qərara görə, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq. Ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyil".

V.Bayramov hesab edir ki, idxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var: "Güzəştlərin çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir- yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək".

Bahar RÜSTƏMLİ
AzNews.az