Lənkəranskinin öldürülməsi dəqiqləşdi - Canıyev necə Əliyev olub?

18 Avqust 2016 11:37 (UTC+04:00)

Bəzi media orqanları dünən axşam güllələnən şəxsin əslində Lənkəranski olmadığını bildirirlər. Bu iddia ilə çıxış edənlər Türkiyə mediasında qətlə yetirilən şəxsin Əliyev soyadlı olduğuna əsaslanırlar. Bilidirlir ki, Lənkəranski ləqəbi ilə tanınan Rövşənin soyadı Əliyev deyil, Caniyevdir.

AzNews.az-a daxil olan məlumata görə Lənkəranskinin Əliyev kimi göstərildiyi pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi.

Həmin il Azərbaycana doğum gününü qeyd etməyə gələn Lənkəranski "Milyonerlər məhlləsi" kimi tanınan ("Gənclik" metrostansiyasının yaxınlığı-red) ərazisindəki evində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ələ keçirilmişdi.

Məlum olmuşdu ki, Canıyev hava limanından saxta pasport vasitəsiylə keçib. O da aşkarlanmışdı ki, həmin pasportda Rövşənin soyadı Əliyev göstərilib.

İtaliya interpolu onun barəsində axtarış elan etdiyi üçün, hazırda Türkiyədə Rövşən Əliyev ad-soyadı ilə, yəni həmin pasportla yaşayır. Və o, bu soyadla iki dəfə Ukraynada saxlanılaraq deport olunub.

Görünür, dünən gecə baş verən hadisə vaxtı Türkiyə hüquq-mühafizə orqanlarının aşkarladığı sənəd elə həmin pasport olub.

Bu arada Canıyevin qətlə yetirilməsi ona yaxın olan şəxslər tərəfindən AzNews.az-a təsdiqlənib.