Bakı küçələrində ürək ağrıdan mənzərə - Yer belləyib, torpaq daşıyan nənələr (Video + Fotolar)

18 Avqust 2016 12:14 (UTC+04:00)

Yolların təmizlənməsi və yaşıllaşdırma işlərinə cəlb edilən yaşlı qadınların görüntüsünü lentə alıb.

Onlarla yaşlı qadın yol kənarındakı torpaq ərazini şumlayır. Başlarının üstündə duran cavan nəzarətçilər isə onlara daha yaxşı şumlamaq üçün göstərişlər verir.

Deyirlər ki, havada istiliyin 40 dərəcədən çox olduğu vaxtda belə onlara kimsənin yazığı gəlmir. Səhər erkən saatlarda hər kəs öz payına düşən yolu təmizləməyə gedir, daha sonra isə yolun abadlaşdırılması işlərinə cəlb edilirlər. Üstəgəl, aylıq 200 manat əməkhaqqı alan ağbirçək nənələr əlavə işə görə heç bir haqq almırlar.
Qadınların əksəriyyəti bu durumdan narazıdır. Onlar şikayətlərini musavat.com-un kamerasına danışıblar.

Süpürgəçi qadınlar yayın isti günlərində belə işlədiklərini dedilər: "Səhər saat 5-dən işə başlayırıq. Axşam saat 6-ya kimi. Tezdən yol süpürürük, günorta saatlarında isə yol kənarlarında torpaq qazıb, daşıyırıq. Ayda 200 manat pul verirlər, onun müqabilində hər yerdə işlədirlər. Günün altında işləməkdən iş yoldaşımızın birini gün vurdu, təcili tibbi yardım maşını ilə apardılar. 40 dərəcə istidə belə işləməyə məcburuq. Əslində bizim işimiz süpürgəçilikdir. Kişi işini də bizə gördürürlər. Aramızda 60-65 yaşlı qocalar var. İşdən sonra ağrıdan qıvrılırlar. Ancaq neyləsinlər, işləməyə məcburdurlar...".


Musavat.com







Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.