Rioda XIV gün - 6 medal şansı

19 Avqust 2016 11:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mötəbər turnirin XIV günündə yığma komandamızın 6 idmançısı mübarziəyə qoşulacaq.

Taekvondo
1/8 final
Kişilər

Milad Beiqi Harçeqani (80 kq) mübarizəyə 1/8 finaldan start verəcək. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olacaq. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü saat 17:15-də başlayacaq. Təmsilçimiz mərhələ adlayarsa, 1/4 finalda Mehdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınlar

Fəridə Əzizovanın (67 kq) da ilk döyüşü 1/8 finala təsadüf edəcək. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayacaq. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması saat 18:30-da start götürəcək. Fəridə bu rəqibini keçəcəyi halda 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Sərbəst güləş

Hacı Əliyev (57kq) mübarizəyə 1/8 finaldanqoşulacaq. Onun ilk rəqibi cənubi koreyalı Cunsk Yun olacaq. 61 kq-da ikiqat dünya çempionu və dünya kubokunun bürünc mükafatçısı, eyni zamanda son Avropa çempionatının və Avropa Oyunlarının da bürünc mükafatçısı olan pəhləvanımız Rioda fərqli çəkidə güləşəcək. Onun rəqibi olan koreyalı idmançı isə 2014-cü il Asiya Oyunlarının bürünc mükafatçısıdır.
Hacı bu rəqibinə qalib gələrsə 1/4 finalda Nurislam Sanayev (Qazaxıstan)/Vladimir Xinçeqaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş 17:25-də başlayacaq.

Cəbrayıl Həsənov (74 kq) da ilk olaraq 1/8 finalda xalça üzərinə çıxacaq. Son Avropa çempionatının gümüş, Avropa Oyunlarının isə bürünc mükafatçısı olan pəhləvanımızın ilk rəqibi kolumbiyalı Karlos Arturo İzquerdo olacaq. Cənubi amerikalı güləşçi gənclər arasında Nankin Olimpiadasında 4-cü olub. Əgər Cəbrayıl bu rəqibini keçsə, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan)/Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş 17:45-ə təyin olunub.

Boks

Lorenzo Sotomayor (64 kq) yarımfinal görüşünə çıxacaq. Boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşəcək. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıracağı halda, boks tariximizdə yeni səhifə açacaq. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb. Görüş saat 21:45-də başlayacaq.


Bədii gimnastika
Təsnifat mərhələsi

Rio-2016-da Azərbaycanı Braziliyada Marina Durunda təmsil edəcək. Olimpiadada debüt edəcək gimnastımız çoxnövçülük yarışında mübarizə aparacaq. İlk Avropa Oyunlarının gümüş medalçısı bu gün başlayacaq təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamağa çalışacaq.

Yarışlara saat 17:20-də başlayacaq. 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.

Aygün İlqarqızı