Şamaxıda yanğın - 35 hektar ərazini əhatə edir

19 Avqust 2016 14:11 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Həmçinin Nazirliyin 50 nəfərlik heyəti dünəndən hadisə yerinə yola düşüb.

Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşlarının və meşə işçilərinin fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında lokallaşdırılıb, 19 avqust 2016-cı il tarixində səhər saat 10 radələrində isə tam söndürülüb.

Bildiririk ki, Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus ərazidə baş verən yanğın ümumilikdə 35 hektar sahəni əhatə edib və bundan yalnız 2 hektara yaxın ərazi meşə fondu torpaqlarına aiddir. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın nəticəsində quru ot və kol örtüyü yanıb, ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.

Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.