Ən çox alver edən turistlər hansılardır? - Fotolar

19 Avqust 2016 17:12 (UTC+04:00)

Bunun səbəbi Bakı sakinlərinin bu qədər turisti bir arada görmə alışqanlıqlarının olmamasıdır. Turistlərin olması ölkə iqtisadiyyatına hər zaman fayda verir. Azərbaycan çox vaxt ölkəyə gələn turistlərin xərcini özü çəksə də, bu dəfə vəziyyət bir az fərqlidir.

Ərəb turistlər çanta dolusu alış-veriş edir, restoranlarda yeyib-içir, bahalı otellərdə gecələyirlər. Turistlərin Bakıda görəcəkləri maraqlı bir neçə yer var ki, onlardan da biri İçərişəhərdir. Buraya üz tutan turistlər əsasən hələ sökülüb, yerində otel, villa, restoran tikilməyən tarixi abidələrlə şəkil çəkdirir, Azərbaycanı, Bakını xatırladan suvenirlər alırlar.

Turist olmasa İçərişəhərdə işləyənlərin gəlir mənbəyi də olmaz. Burada əsasən suvenir satanların çörəyi turistdən çıxır. Musavat.com saytının əməkdaşı məhz bu səbəbdən İçərişəhərə yola düşüb və oradakı durumla maraqlanıb.

Reportajımız zamanı qarşımıza bir neçə ərəb turist çıxdı. Bəziləri piştaxtalara yaxınlaşıb, suvenirlərlə maraqlanırdı. Biz də satıcıya yaxınlaşdıq. Ərəb turistlərin alıcılıq qabiliyyətini soruşan kimi tacir başını sağa-sola edib, gileylənməyə başladı:

"Qardaş, bunlardan nəsə alan olmaz. 4 manat mayası olan suveniri 1 manata istəyirlər. Sona qədər də əl çəkmirlər ki, "Yox e, 1 manata sat". Simiclik edirlər. Nadir hallarda 3-4 manatlıq suvenir alan olur. Əsas müştərimiz öz camaatımız, bir də ruslardır. Qalanlarından elə də fayda görmürük".

Buradan ayrılıb, Qız qalasının yaxınlığındakı piştaxtalara yaxınlaşırıq. Buradan da oxşar cavab aldıq: "Ərəblərdən fayda görən olmayıb. Gəzirlər, şəkil çəkdirib, gedirlər. Üstəlik, buraları da çirkləndirirlər. Dəfələrlə görmüşəm. İçdikləri suyun şişəsini, əllərini sildikləri salfet kağəzənə, siqaret qutularını, əllərində olan digər zibilləri yerə atırlar. Bizim camaat üçün yüksək mədəniyyətə sahibdirlər deyə bilmərəm, amma ən azı şəhərin mərkəzində belə edən olmur. Hər yerdə zibil qutuları var.

İçərişəhərə gələn turistlər arasında ən mədəni olanlar italyanlardır. Çox mədəni, sakit adamlardır. Azərbaycan dilində danışmağa çalışırlar. Bir nəfərdən nəsə alanda, inciməsin deyə yanındakı satıcıdan da bir şeylər alırlar. Ən yaxşı alver edənlər isə ruslardır".

Müşahidələrimiz nəticəsində məlum oldu ki, ərəb turistlər bəhs etdiyimiz sektora çox da fayda vermir. Restoranlar üçün isə vəziyyət fərqlidir. Mərkəzdə yerləşən restoranlar arasında sorğu keçirdikdə məlum oldu ki, ərəblər halal qidalara, içki olmayan restoranlara üstünlük verirlər. Masada əyləşən zaman azı 5-6 nəfərdən ibarət olduqları üçün, yüksək məbləğdə hesab ödəyib, gedirlər. Geyim mağazalarında da vəziyyət eynidir. Ən bahalı geyimlərə üstünlük verən ərəb turistlər bu sektora da fayda verirlər.

Musavat.com