İcra hakimiyyətində ciddi pozuntular aşkarlandı

20 Avqust 2016 11:15 (UTC+04:00)

Şirvan şəhərində 1 yanvar 2016-cı il tarixə mənzil fondunda özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 193870 m2, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi 140365 m2, fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsi 185606 m2 olub.

Dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hesabına 2014-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 1 aprel 2016-cı il tarixə 3,7% çox olub. Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4817 min manat məbləğində vəsait əhatə olunub. Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər m2-ə düşən xərc araşdırılmyıb. Eyni zamanda mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb. Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib. Ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyənləşdirilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan şəhər İcra Hakimiyyətinə göndərilib.

APA.az