“Qələbəni anama həsr edirəm“ - Radik İsayev

21 Avqust 2016 10:15 (UTC+04:00)

Rio Olimpiadasında ilk qızıl medalımızın da sahibi olan idmançı bu qələbəsindən çox qürur duyduğunu bildirib.

- Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?
- Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.

- Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?
- Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə "çıxım mütləq çempion olacam" deyə bilmərəm.

- Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?
- Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.

- Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?
- Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.

- Kimə həsr edirsən qələbəni?
- İlk azarkeşimə - anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.

- Bayrağımızı ən yüksəkdə görəndə, insanlar "Radik! Radik!" qışqıranda nə hiss edirdin?
- Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.

- Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın... Həm də bu ilk qızılımız idi...
- Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) - red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.

- Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın...
- Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.

- Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?
- Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.


Apasport.az