Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

22 Avqust 2016 12:58 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bununla da bu il Azərbaycandan Həcc ziyarətinə kvotada nəzərdə tutulmuş 1040 yox, 1050 zəvvar yola salınacaq.

Artırılan 10 zəvvar yeri VİP ziyarətə aiddir.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər.

Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilmişdi.

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manat bahadır.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

APA.az