Azad Rəhimov Azərbaycanın “Rio-2016”dakı çıxışını dəyərləndirdi

22 Avqust 2016 20:10 (UTC+04:00)

Bunu gənclər və idman naziri Azad Rəhimov "Rio-2016"da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərə müsahibəsində dəyərləndirərkən bildirib.

O deyib ki, Azərbaycan dünyada idmançıların faydalılığına görə birinci yerdədir: "Bu, məşhur "Telegraf" agentliyinin yaydığı məlumatda da əks olunub. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Baxmayaraq ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq."

Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər.

"Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir", -deyə A.Rəhimov diqqətə çatdırıb.


Report.az